Dünən İran prezidenti Məsud Pezeşkian parlamentdə çıxışı zamanı ölkədə su böhranının dərinləşdiyini bildirib.
Vaxt.AZ xəbər verir ki, Pezeşkianın sözlərinə görə, hazırda İranın bütün əyalətləri su problemləri ilə üz-üzədir və mövcud vəziyyəti yalnız suyun bölüşdürülməsi yolu ilə həll etmək mümkün deyil. O, qeyd edib ki, problemin kökündə iqtisadiyyat, nəqliyyat, əkinçilik, suvarma üsulları və idarəetmə sahələrindəki çatışmazlıqlar dayanır.
Pezeşkian vurğulayıb ki, əksər əyalətlərdə su ilə bağlı ciddi fikir ayrılıqları və qarşıdurmalar mövcuddur. O, xüsusilə İsfahan, Çaharmahal və Bəxtiyari, Kuhgiluyə və Boyer-Əhməd, Xuzistan və Yəzd əyalətləri arasında su məsələsində mübahisələrin yaşandığını qeyd edib.
Beynəlxalq tədqiqatların da İranın su vəziyyətinin kritik həddə çatdığını təsdiqlədiyini dilə gətirən Pezeşkian deyib ki, problemin elmi, uzunmüddətli yanaşma olmadan həlli mümkün deyil. (Mehr News)
çap et