Vaxt.Az

«Ərşad İbrahimov reketdir!»


 

Baş Prokurorluq rəsmi açıqlama yaydı

«Ərşad İbrahimov reketdir!» Baş Prokurorluğun mətbuat xidməti məlumat yayaraq bu gün həbs olunan jurnalistin reket olduğunu qeyd edib.


Baş Prokurorluqdan yayılan məlumatda bildirilir: «Reket jurnalist Ərşad İbrahimov 2012-2013-cü illərdə ayrı-ayrı vaxtlarda Kəlbəcər rayon Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə 30 min manat məbləğində vəsaiti hədə-qorxu ilə tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün 13 aprel 2013-cü il tarixdə «YOUTUBE» internet portalında «Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Mamed Bağırov 17 yaşlı qızı zorlayıb» başlıqlı informasiya yerləşdirmişdir.

M.Bağırovun müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır. Ə.İbrahimova həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məhkəmə baxışı zamanı Ə.İbrahimov şahidlərə qanunsuz təsir göstərməklə məhkəmənin normal gedişinə mane olduğuna görə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bəzi kütləvi informasiya vasitələrində Ə.İbrahimovun guya «Azadlıq» qəzetinin əməkdaşı olması barədə informasiyalar həqiqəti əks etdirmir».

 





18.06.2014    çap et  çap et