Vaxt.Az

“Paramount”a bir həftə möhlət


 

“Warner Bros” yeni təklifi rədd etdi

“Paramount”a bir həftə möhlət “Warner Bros Discovery” rəqibi “Paramount Skydance”in şirkəti satın almaq üçün səhm başına 30 dollar məbləğində təqdim etdiyi yenilənmiş təklifi rədd edib. Şirkət “Paramount”a “yekun və ən yaxşı təklifini” təqdim etməsi üçün 23 fevral tarixinədək vaxt verib.

Vaxt.az-ın məlumatına görə, “Warner Bros” bu gün yaydığı açıqlamaya bildirib ki, göstərilən müddətdən sonra daha əvvəl razılaşma imzaladığı “Netflix”in “Paramount”un mümkün yeni təklifinə cavab vermək hüququ olacaq. Şirkətin idarə heyəti “Paramount”un qeyri-rəsmi danışıqlarda pay başına təklif qiymətini 31 dollara qədər artırmasından sonra toplanmaq qərarı verib.

“Paramount”un mövcud təklifi “Warner Bros”un bütövlükdə 108,4 milyard dollar dəyərində qiymətləndirilməsini nəzərdə tutur. Buna qarşılıq, “Netflix” şirkətin studiya və onlayn yayım bölmələri üçün 82,7 milyard dollar məbləğində təklif irəli sürmüşdü.

“Warner Bros” daha əvvəl “Paramount”dan daxil olan bir sıra təklifləri geri çevirmiş və “Netflix”in pay başına 27,75 dollar məbləğində təklifini 20 mart tarixində səsverməyə çıxarmaq qərarı vermişdi. Şirkət səhmlərinin “Netflix”ə satılması ilə bağlı səsvermənin CNN, TLC, “Food Network” və HGTV kimi kanalların daxil olduğu “Discovery Global” bölməsinin birjada ticarət olunan ayrıca şirkət kimi ayrılmasından sonra keçirilməsi planlaşdırılır.

“Warner Bros”un proqnozlarına görə, “Discovery Global” səhmləri birjada 1,33 dollar ilə 6,86 dollar aralığında ticarət oluna bilər.

“Paramount” ötən həftə səhm başına 30 dollar məbləğində təklif təqdim edərkən, razılaşmanın bu ilin sonunadək yekunlaşmaması halında “Warner Bros” səhmdarlarına hər rüb nağd ödəniş etməyi və “Netflix” ilə bağlanmış razılaşma üzrə 2,8 milyard dollarlıq cərimə haqqını ödəməyi öhdəsinə götürmüşdü.

Lakin “Warner Bros” rəhbərliyi bu təklifi kifayət qədər cəlbedici hesab etmədiyini açıqlayıb.

 





17.02.2026    çap et  çap et