Vaxt.Az

Rusiya Avropanı hədələdi


 

“Blokadanızı donanmamızla yararıq”

Rusiya Avropanı hədələdi Avropa ölkələrini Rusiya ticarət donanmasına qarşı dəniz blokadası tətbiq etməkdə və “Rusiyanın səbrinin sərhədlərini sınağa çəkməkdə” ittiham edən Kreml, blokadanın donanma tərəfindən yarılacağını və aradan qaldırılacağını bəyan edib.

Vaxt.AZ Qərb mediasına istinadən xəbər verir ki, Ukrayna müharibəsinə son qoymaq məqsədilə ABŞ, Ukrayna və Rusiyanın iştirakı ilə keçirilən üçtərəfli danışıqların üçüncü raundu Cenevrədə başlayarkən, Moskvadan Avropanı hədəf alan ardıcıl açıqlamalar gəlib.

Rus mənbələr Avropa ölkələrinin kənarda saxlanıldığı üçtərəfli Ukrayna danışıqları ilə bağlı Rusiya xəbər agentliyi “TASS”a diqqətçəkən açıqlamalar verib.

Mənbələr Avropa rəsmilərinin Cenevrədə keçiriləcək danışıqlara qatılmaq üçün sorğular apardıqlarını bildirərək, “danışıqlar masasına əyləşə bilməyəcəklər” deyiblər.

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh planının mətbuata sızmasından sonra planın Rusiyaya meyilli olduğu əsas gətirilərək Almaniya, Böyük Britaniya və Fransa başda olmaqla bir çox Avropa hökuməti etiraz etmiş, avropalılar prosesə cəlb edilmədən Ukraynada sülhün mümkün olmadığını və danışıqlarda iştirak etmələrinin vacib olduğunu vurğulamışdılar. Bununla belə, avropalı tərəflər danışıqlar barədə məlumatlandırıldıqlarını bildirsələr də, masaya dəvət olunmayıblar.

Bu arada, Rusiya Duması Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Avropa paytaxtlarında geniş əks-səda doğuran açıqlama ilə çıxış edib.

 

Avropa ilə Rusiya arasında söz dueli

 

Kartapolov Finlandiya Prezidenti Aleksandr Stabbın “Ukrayna müharibəni qazanacaq” bəyanatına cavab verib.

Andrey Kartapolov bildirib ki, “Ukrayna yalnız Rusiya Federasiyasının bir hissəsi olacağı təqdirdə qalib gələ bilər” və bununla Kiyevin əsas hərbi, maliyyə və siyasi dəstəkçiləri olan Avropa ölkələrinə meydan oxuyub.

Finlandiya Prezidenti Stabb Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsini strateji baxımdan uduzduğuna işarə edərək, “Ukraynanın bu müharibəni qazanacağına inanıram” demişdi.

Kartapolov isə avropalı siyasətçilərin məğlub olduqlarını artıq dərk etdiklərini iddia edib və onların vergi ödəyicilərinə izahat vermək üçün bu cür açıqlamalar səsləndirdiklərini bildirib.

 

Kremldən hədə

 

Ən sərt açıqlama Rusiya Prezidenti Vladimir Putinin müşaviri və Rusiya Dənizçilik Şurasının sədri Nikolay Patruşevdən gəlib.

Patruşev Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində Rusiya ticarət gəmilərinin müsadirə edilməsini “Qərbin quldur hücumları” adlandırıb və bununla Rusiyanın xarici ticarətinin iflic edilməsinin hədəfləndiyini bildirib.

“Əgər bu vəziyyət diplomatik yolla həll olunmasa, blokada donanma tərəfindən yarılacaq və aradan qaldırılacaq”, – deyə Patruşev vurğulayıb.

 





17.02.2026    çap et  çap et