“Beynəlxalq Strateji Araşdırmalar İnstitutu” (“International Institute for Strategic Studies” – IISS) yeni dərc etdiyi hesabatda Çinin nüvə enerjisi ilə işləyən sualtı qayıqları üzrə imkanlarını təhlil edib.Vaxt.AZ CNN-ə istinadən xəbər verir ki, Londonda yerləşən beyin mərkəzinin məlumatına görə, son beş il ərzində bu sahədə imkanlarını sürətlə artıran Çin artıq nüvə sualtı qayıqlarını ABŞ-dan daha sürətli istehsal edir.
Hesabatda bu inkişafın Vaşinqtonun uzun illərdir davam edən dəniz üstünlüyünü risk altına saldığına dair xəbərdarlıq yer alıb.
Qeyd edilib ki, Çin Ordusunun Hərbi Dəniz Qüvvələri həm nüvə ballistik raket daşıyan sualtı qayıqlara, həm də nüvə hücum sualtı qayıqlarına malikdir.
“IISS”in məlumatına görə, 2021–2025-ci illərdə Çin 10, ABŞ
isə 7 sualtı qayıq istehsal edib.
2016–2020-ci illər arasında isə ABŞ 7 sualtı qayığa qarşı Çinin 3 sualtı qayığı
ilə üstünlük əldə etmişdi.
Pekin rəsmi statistik məlumatlar açıqlamadığı üçün “IISS” bu qiymətləndirmələri peyk görüntüləri əsasında aparıb.
Eyni zamanda hesabatda vurğulanır ki, “Çin dizaynları keyfiyyət baxımından ABŞ və Avropa istehsalı olan sualtı qayıqlardan geri qalır”. Bildirilir ki, Amerika sualtı qayıqlarının daha səssiz işləməsi onların aşkarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.
Ümumi göstəricilərə nəzər salındıqda isə ABŞ-ın üstünlüyünün davam etdiyi qeyd olunur.
2025-ci ilin əvvəlinə olan vəziyyətə görə, Çinin donanmasında 6 nüvə ballistik raket daşıyan sualtı qayıq və 6 nüvə hücum sualtı qayığından ibarət donanma mövcuddur. Bundan əlavə, Çin Ordusunun Hərbi Dəniz Qüvvələrinin tərkibində nüvə enerjisi ilə işləməyən 46 sualtı qayıq da yer alır.
Köhnə tip sualtı qayıqları istismardan çıxaran ABŞ Hərbi Dəniz Qüvvələrinin inventarında isə 14-ü nüvə ballistik raket daşıyan olmaqla ümumilikdə 65 nüvə sualtı qayığı mövcuddur.
Vaşinqton Çinin sualtı qayıq donanmasını genişləndirərək mübahisəli “Cənubi Çin dənizi”ndə üstünlük əldə etməyə çalışdığını vurğulayır.
Hesabatda həmçinin qeyd olunur ki, Çin esmines və freqat kimi suüstü döyüş gəmiləri üzrə dünyanın ən böyük donanmasına sahibdir.
çap et