Onilliklərdir ABŞ embarqosu altında olan Kubada Vaşinqtonun ötən ay Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra həyat şəraiti daha da ağırlaşıb.
Vaxt.AZ “Reuters” istinadən xəbəbr verir ki, yanacaq çatışmazlığı səbəbindən zibil maşınları işləmir, paytaxt Havana küçələri tullantılarla dolub.
Kubaya məxsus dövlət mediası “Cubadebate”in məlumatına görə, paytaxtda mövcud olan 106 zibil maşınından hazırda yalnız 44-ü fəaliyyət göstərir.
Rəsmilər çürümüş qida tullantılarının milçəkləri cəlb etməklə 11 milyonluq şəhərdə yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Şəhər sakinlərindən Xose Ramon bildirib: “Hər yer bu vəziyyətdədir. Zibil maşını 10 gündən çoxdur gəlmir”.
Paytaxtın bəzi bölgələrində yanacaq qıtlığı səbəbindən nəqliyyat dövlətə məxsus elektrikli nəqliyyat vasitələri ilə təmin olunur.
Havananın Alamar bölgəsində yaşayan Euxenio Qainsa deyib: “Gündə 16 reys həyata keçiririk, yanacaq yoxdur. Bu əraziyə xidmət göstərən yeganə nəqliyyat vasitəsi budur”.
Barbaro Kastaneda isə adada nəqliyyatın böyük ölçüdə elektrikli vasitələrlə həyata keçirildiyini vurğulayaraq, “Bunlar olmasa, şəhər tamamilə iflic vəziyyətinə düşərdi”, – deyə qeyd edib.
ABŞ-ın xüsusi təyinatlı bölmələri aylarla davam edən hərbi yığınaqdan sonra yanvarın 3-də Venesuelaya quru əməliyyatı başlayıb, paytaxt Karakası bombardman edərkən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresi gecə əməliyyatı ilə ələ keçiriblər.
Donald Tramp yanvarın 29-da imzaladığı fərmanla Kubanı “ABŞ-ın milli təhlükəsizliyi üçün fövqəladə təhdid” kimi qiymətləndirərək, adaya neft tədarük edən ölkələrə qarşı yeni gömrük rüsumlarının tətbiqinə yol açıb.
Hazırda Havana hakimiyyətinin əsas neft tədarükçüsü Meksikadır. Lakin neft tədarükünün humanitar yardım xarakteri daşıdığını bildirərək ixracı davam etdirəcəklərini deyən Meksika Prezidenti Klaudia Şeynbaum Vaşinqtonun təzyiqləri fonunda geri addım atmaq məcburiyyətində qalıb.
Digər tərəfdən, Meksika fevralın 9-da Kubaya 814 tondan artıq humanitar yardım göndərdiyini açıqlamışdı. Çili hökuməti də ada dövlətinə humanitar yardım göndəriləcəyini bəyan edib.
Bundan əlavə, Rusiya da Kubaya neft tədarükünə hazırlaşır. Rusiyanın “İzvestiya” qəzetinin ötən həftə yaydığı xəbərə görə, tədarükün qısa müddətdə başlaması gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov da kubalı rəsmilərlə danışıqların davam etdiyini bildirib.
Kuba Prezidenti Migel Dias-Kanel fevralın 6-da verdiyi açıqlamada dekabr ayından etibarən xaricdən yanacaq ala bilmədiklərini vurğulayaraq, “Bu, bizi tamamilə boğmaq deməkdir. Müqavimət göstərməsək, nə edəcəyik – təslim olacağıq?” deyə bildirib.
çap et