Vaxt.Az

Avropada pensiya yaşı 70-ə qaldırılır


 

Almaniyada 50 milyard avroluq qənaət çağırışı

Avropada pensiya yaşı 70-ə qaldırılır Almaniyada hökumət tərəfindən yaradılan komissiyada pensiya yaşının 70-ə qaldırılması məsələsi gündəmə gətiriləcək. Bununla yanaşı, erkən və gec pensiya imkanları da müzakirə ediləcək.

Vaxt.AZ “Bild” qəzetinə istinadən xəbər verir ki, Almaniyada CDU/CSU ilə SPD pensiya sistemində genişmiqyaslı dəyişikliklər planlaşdırır. Bu çərçivədə yaradılan Pensiya Komissiyasının islahat təklifləri hazırlaması gözlənilir. Mətbuata sızan məlumatlara görə, komissiya ölkədə pensiya yaşının artırılması məsələsini gündəminə daxil edib. Bunun əvəzində daha uzun müddət işləməyi təşviq edəcək cəlbedici mexanizmlərin də nəzərdən keçirildiyi bildirilir.

Qəzet komissiya mənbələrinə istinadla yazır ki, federal hökumət tərəfindən yaradılan Pensiya Komissiyası pensiya yaşının 70-ə qaldırılması ehtimalını qiymətləndirəcək.

Məlumata görə, ekspertlər fevralın 23-də keçiriləcək iclasda bu cür artımın hansı mexanizmlərlə həyata keçirilə biləcəyini müzakirə edəcəklər. Görüşlərdə, həmçinin erkən pensiya halında tətbiq olunacaq kəsintilərin həcmi və daha uzun müddət işləməyi stimullaşdıracaq mexanizmlər də müzakirə mövzusu olacaq.

Qəzetin yazdığına görə, pensiyaya çıxışı təxirə salan şəxslər üçün “çox səxavətli” maliyyə mükafatı variantı da nəzərdən keçirilir. Komissiyanın tövsiyə xarakterli qərarını yaz aylarında təqdim edə biləcəyi qeyd olunur.

Məlumatda gələcəkdə dövlət qulluqçularının və siyasətçilərin də məcburi qaydada dövlət pensiya sığortasına sığorta haqları ödəyib-ödəməməsi məsələsinin müzakirə ediləcəyi bildirilir. Bu addımın pensiya sisteminə əlavə maliyyə mənbələri cəlb etmək məqsədi daşıdığı vurğulanır.

CDU/CSU-nun gənclər təşkilatı olan “Junge Union”un sədri Yohannes Vinkel pensiya xərclərinin illik 50 milyard avrodan çox azaldılmasını hədəfləyən genişmiqyaslı islahat çağırışı ilə çıxış edib.

CDU üzvü olan siyasətçi qəzetə açıqlamasında pensiya ödənişlərində artımın gələcəkdə əməkhaqqı artımına deyil, inflyasiya səviyyəsinə indeksləşdirilməli olduğunu müdafiə edib. O, həmçinin 63 yaşında pensiyaya çıxma imkanının ləğv edilməsini tələb edib.

Vinkel SPD-ni demoqrafik dəyişiklikləri görməzlikdən gəlməkdə ittiham edərək, “Xüsusilə SPD sanki demoqrafik dəyişiklik ümumiyyətlə mövcud deyilmiş kimi siyasət aparır. Bu, reallıqdan tamamilə uzaqdır”, – deyib.

 





17.02.2026    çap et  çap et