Vaxt.Az

Qərbin ehtiyacı olan lider


 

Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır

Qərbin ehtiyacı olan lider Yunanıstan əhalisinin 74%, Fransanın 68%, rumınların 66%, ingilislərin 42% sizcə nə istəyir? Bilə bilməzsiniz! Onlar güclü əl, güclü lider, lazım olsa heç kimin fikri ilə razılaşmadan öz düzgün bildiyini edə bilən siyasətçi istəyirlər! Bu hələ başlanğıcdır. 2-3 ilə daha çoxu istəyəcək!

Olacağı bu idi.

Heç bir analitikasız, siyasətsiz, iddiasız biri olaraq, 5 ildir yazmaqdan yoruldum. Qərb sivilizasiyası ya güclü lider çıxartmalı, ya da batmalıdır. “Qırmızı corablı”, qorxaq, ikiüzlü, prinsipsiz, özlərini sadə göstərib, boğaza qədər zibilin içində olan demokratik “çoxluq seçimi” olanlar ölkəni də, dövləti də, sivilizasiyanı da batırır. Fransa, Almaniya, İtaliya kimi dünya divlərinin nə hala gəldiyini görürsünüz. Amma onlar bizdən çox görür.

Yəni, əzizlərim, qərbdə cənab Prezidentin nüfuzunun da, hörmətinin də, sözünün dəyərinin də artması nə propoqandadır, nə yalançı göstərişli sözlər, nə də AzTV məhsulu. Bu statistikadır! Həqiqətdir! Ağlı başında olan çox insan belə düşünür. Və doğru olan da budur. Dövlət qorunmalıdır! Nəyin bahasına olur olsun! Yoxsa səni tarixin zibilliyinə atacaqlar! İnsanlar statistika, dövlət isə əbədi olmalıdır! Bu gün qərb sivilizasiyasında çatışmayan, istənən lider adam – İlham Əliyev tipajıdır, xarakteridir.

Hesab edirəm ki, bizim Prezidentimiz örnək insan, güclü lider və ondan da güclü siyasətçidir. Burda pafoslu sözlər demək istəmirəm, çünki biz balaca ölkəyik! Bizim ən böyük başarımız bu candərdi sağ qalmaqdır. Amma Prezidentin yürütdüyü xarici siyasət sayəsində biz nəinki sağ qalmışıq, hətta böyüklərin masasına oturmuşuq. Adam iki ölümünə düşmən ölkənin hər ikisi ilə qardaş olub, onların bəzi problemlərini həll edir! Ən azından onun da fikrini soruşurlar.

Qısası!

Bəzi ölkələr bizim doğru yolumuzdan çox qıcıqlanır. Olur-olmaz şərəfsizliklər edirlər. Təəssüf ki, aramızda mahiyyəti bir qəpiyə belə dəyməyən insanlar var və onlar pula görə məlum ölkələrin xüsusi xidmətlərindən servis edilən dip-feyk məlumatları tirajlayıb, düşmən dəyirmanına su tökürlər!

Kimin hansı şərəfsizliyi və ya binamusluğu etməsinə baxmayaraq Dövlətimiz doğru yoldadır. Doğru yolun isə nəticəsi gec-tez gəlir. Yenə dəfələrlə dediyim kimi, 10-20-30 il tarix üçün bir an, insan üçün bir ömürdür. Qələbə isə həmişə səbrlilərin olur.

Bilirəm, bəziləri nəyinsə xətrinə və ya kiməsə görə bunu yazdığımı düşünür. Azərbaycanla məni siyasi və iqtisadi olaraq heç nə bağlamır. Heç vaxt da bağlamayacaq. Bunu bilsəniz yetərlidir. Mən də sizin kimi anormal cərimələrdən, bəzən həddini aşan qanunsuzluqlardan, ümumi narazılıqdan əziyyət çəkirəm. Problem çoxdur və həlini gözləyir. Amma bu daxili məsələdir. Evin içində olan, içində qalar. Mən səbrli insanam və hər şeyin zamanının gələcəyindən əminəm. Siz də səbrli olun.

Səbrin sonu salamatdır.

 





18.02.2026    çap et  çap et