Fars-molla rejiminin ən qəddar, Güneyli-Quzeyli Azərbaycana qarşı ən barışmaz münasibəti olan üzvlərindən Laricani ilə Süleymaninin də öldürülməsi Tehran üçün çox böyük itkidir. İndi də daha bir qəddarın – Qalibafın ölüm xəbəri yayılır. Xəbər çıxıbsa, demək ya ölüb, ya da hədəfdədir, gedəcək.
Bu şəxslər sağ ikən “Tehran rejimi çökdü” ifadəsini söyləmək şişirtməydi. İndi deyil. 20 gündə fiziki aradan götürülən hər hansı yüksək vəzifəli şəxsin yerini savaşın ən ağır fazasında doldurmaq imkansızdır. Kölgə komandalar böhran şəraitində önə çıxıb İranın çoxillik hakimiyyət təcrübəsi olan, xalqa gücünü göstərmiş rejim mənsubları qədər “başarıqlı” ola bilməzlər. Üstəlik hər yeni gələn məmur dərhal ABŞ və İsrailin hədəfi siyahılarına daxil edilərkən…
Meydanda Pezeşkian qalır. Daha doğrusu, meydan Pezeşkian üçün boşaldılır. Həddindən artıq ağır missiyadır. Savaşda böyük yaralar almış, ən yüksək həddə radikallaşmış ideoloji qanadla islahatçı qanadı uzlaşdırmaq, kənar güclərlə işbirliyinə hazır ölkəni parçalamağa meylli düşərgə üzərində nəzarəti qorumaq, ölkənin hərb maşınını SEPAH-ın cəngindən qurtarıb vahid sistemə keçirmək, siyasi, ideoloji çarpışmalar şəraitində dərinləşən xaosu aradan qaldırmaq, sanksiyalardan boğulan, həm də savaşla dağılmış iqtisadiyyatı toparlamaq, 9 balla silkələnın 90 milyonluq ölkənin fərqli etnik kimliklərini bir arada saxlaya biləcək hədəflər yaratmaq… Ən çətini də bunları ölkəyə nəzarəti maksimum əldə etmək istəyən işğalçı güclərlə İranın maraqlarının qorunması uğrunda dərin çarpışma şəraitində etmək.
Cərrah Məsud doktor siyasi vəzifəsində də amputasiya qərarı vermək zorundadır. Ölkəni dünya ilə düşmən edən, vətəndaşı ABŞ və İsrailin amansız hücumları qarşısında köməksiz qoyan, regional təhlükəsizliyi daim təhdid edən klerikal rejim qalıqlarını kəsib atmalıdır. Bu ona region ölkələrindən, ilk sırada da yüksələn güc Türkiyədən böyük dəstək qazandırar.
Amma Pezeşkian üçün bütün bunlardan ən vacibi Azərbaycan məsələsidir. 40 milyonluq Güney Azərbaycan amili Pezeşkianı hakimiyyətə gətirdiyi kimi onu iqtidarda qalıcı və uğurlu edəcək ən güclü faktor ola bilər. Özü də həm daxili, həm də xarici siyasətdə. Azərbaycan – türk faktoru etnik dalğalanmaların, çox real olan vətəndaş savaşı təhlükələrinin qarşısının alınmasında Pezeşkian üçün 40 milyonluq ordu funksiyasını daşıya bilər.
Azərbaycan məsələsinin digər güclü amili Azərbaycan Respublikasıdır. Rəsmi Bakı ilə “yeni Tehran” arasında əlaqələrin kökündən dəyişməsi, fars-molla rejimi baxışlarının birdəfəlik tarixə gömülməsi, sözün bütün mənalarında dost-qardaş əlaqələr sisteminə transfer Pezeşkiana həm Azərbaycan Respublikasına öz dövləti kimi baxan 40 milyon vətəndaşının etimadını ikiyə qatlayar, Türkiyə kimi vacib ölkə ilə münasibətlərin sağlam təməllər üzərində sürətli inkişafını təmin edər, əldə olunan Azərbaycan-Türkiyə-İran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər.
Bu gün Tehrana aqressiv davranan güclər üçün bu, arzuedilən senari deyil. Pezeşkianın bu xətti seçmək şansı, yürütmək qabiliyyəti olsa həm İranın, həm regionun gələcəyi kənar güclərin deyil, böyük mənada region ölkələrinin maraqları üzərində qurular. Azərbaycanın da, Türkiyənin də son illərdəki təcrübəsi bunun mümkün olduğunu sübut edir.
çap et