Vaxt.Az

Hörmüzü təhdid edən baza vuruldu


 

Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı

Hörmüzü təhdid edən baza vuruldu ABŞ ordusu Hörmüz Boğazı yaxınlığında İran ərazisində yerləşən gəmi əleyhinə raket qurğularına zərbələr endirdiyini açıqlayıb.

Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (“United States Central Command – CENTCOM) tərəfindən “X” platformasında yayılan məlumatda bildirilir ki, ABŞ qüvvələri möhkəmləndirilmiş raket mövqelərinə qarşı 5 min funtluq (təxminən 2264 kq) bunker-dağıdan bombalardan istifadə edib.

Açıqlamada qeyd olunub ki, sözügedən mövqelərdə yerləşdirilmiş İranın gəmi əleyhinə qanadlı raketləri boğazdan keçən beynəlxalq gəmiçilik üçün təhlükə yaradır.

Məlumata görə, istifadə olunan bunker dağıdan bombalar ABŞ arsenalında ən güclü sursatlardan hesab olunur. 2022-ci ilə aid məlumatlara əsasən, 5 min funtluq belə bir bombanın qiyməti təxminən 288 min dollar təşkil edir. Bununla belə, bu sursatlar ABŞ-ın daha əvvəl istifadə etdiyi 30 min funtluq daha ağır bombalarla müqayisədə nisbətən zəif sayılır.

Hadisə ilə bağlı İran tərəfinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.

 


 





18.03.2026    çap et  çap et