Müğənni Elnarə Xəlilovanın idarə etdiyi «Jeep Wrangler» markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb. Müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünür ki, müğənninin paytaxtın küçələrində idarə etdiyi avtomobilin ön hissəsindəki dövlət nömrə nişanın yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb. «ELNARƏ» lövhəli avtomobili idarə edən müğənni Parlament prospektində, 20 nömrəli orta məktəbin qarşısında hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozur, qəza şəraiti yaradır, daha sonra müşahidə kameralarına əl də edərək «salam» göndərir.
Lakin müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın «Azneft» meydanı ərazisində saxlanılır. Amma maraqlıdır ki, Elnarə Xəlilova əvvəlcə çavuş rütbəli bir DYP əməkdaşı tərəfindən saxlanılır. İnspektor dərhal avtomobilin və nömrənin fotolarını mobil telefon vasitəsilə çəkməyə başlayır. Bir qədər sonra 10 YP 536 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını da olay yerinə yaxınlaşır. Onların arasında bir nəfər zabit də var. Onlar avtomobilin ətrafına toplandıqları bir vaxta mülki geyimli, saqqalı bir gənc yol polislərinə yaxınlaşır. Polislərdən biri ilə opüşüb görüşən bu gənc onlara nə deyirsə, Elnarə Xəlovaı maşını sürüb getməyə başlayır. Yol polisləri isə dərhal kənara çəkilib ona yol verirlər. Maraqlıdır, bu cür kobud qayda pozuntularını, eləcə də saxta nömrəni aşkar edən 4 yol polisi əməkdaşı müğənnini niyə sərbəst buraxır? Onlara yaxınlaşan saqqalı gənc kimdir?
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun Avtosfer.az-a bildirdiyinə görə, kadrlardan açıq-aşkar görünür ki, DYP əməkdaşlarının bu hərəkətləri polisin öz səlahiyyətini icra etməməsi və ya bundan sui-istifadə edərək kiməsə güzəşt etməsidir: «Belə halda, ortalıqda bu qədər fakt varkən, həmin polislər də intizam məsuliyyətinə cəlb edilməlidir. Səbəb öz səlahiyyətlərini icra etməmək və aşkar qanun pozuntusuna göz yummaqdır».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə açıqlamasında bildirib ki, görüntülərdəki 2013-cü il modelli «Jeep Wrangler» markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil artıq 3 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.
Vaqif Əsədov əlavə edib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə əməlləri yolverilməzdir: «Avtomobilin dövlət nömrə nişanının gizlədilməsi və yaxud yerindən çıxarılıb ön şüşənin üzərində aparılması qanunvericiliyin tələbinin pozulması deməkdir. Kadrlardan göründüyü kimi, Elnarə Xəlilova avtomobilin dövlət nömrə nişanın üzərini kustar üsulla hazırlanmış və üzərində öz adı yazılmış lövhə ilə örtüb. Belə hallar yolverilməzdir. Məhz ona görə də həmin avtomobil saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilib».
DYP-nin açıqlamasından da görünür ki, Elnarə Xəlilovanın əməlləri göz yumulası əməllər deyil. Elə isə bu suala cavab tapmaq istərdik; «Azneft» meydanında saqqalı gənclə görüşəndən sonra 4 YPX əməkdaşı niyə müğənninin əməllərinə göz yumub onu sərbəst buraxırdılar?
Məsələ ilə əlaqədar Elnarə Xəlilova hələlik heç bir açıqlama verməyib. (AzNews.az)