Yaxın Şərqdə baş verən hadisələrdə iki antoqonist, təhlükəli cəhəti var:1. ABŞ və İsrailin hədəfləri tamamən fərqlidir.
2. İsraildə və İranda, hər iki ölkədə dini alətə çevirən fanatiklər hakimiyyətdədir.
ABŞ-ın hədəfi, yeni doktrinası dünyada enerji və logistikaya bacardıqca daha çox nəzarət etməkdir. Yenilənmiş “DonRo” doktrinası məhz buna xidmət edir – ABŞ istəyir ki, daha az vəsait xərcləməklə, dünyada hərbi bazaların sayını kəskin azaltmaqla Amerika qitəsinin tamamına, yerdə qalan dünya xəritəsində isə enerji qaynaqlarına və “karvan yollarına” (qurudan, dənizdən – fərqi yoxdur) nəzarət etsin. Bu yeni doktrina Çinlə mübarizədə, rəqabətdə ən vacib detaldır.
İsrail isə əlinə fürsət düşmüşkən İranı tamamən gücdən salmağa, bacarsa, rejimi dəyişməyə çalışır və bunu irrasional fanatizmlə, hüquq, qayda tanımazcasına həyata keçirir. ABŞ-ın İranda kimin hakimiyyətdə olacağı vecinə deyil – təki anlaşsınlar, hətta dini fanatiklərin hakimiyyətdə qalmasında da maraqlıdırlar ki, bölgədəki ərəb ölkələri, o cümlədən İsrail də, həmişə qorxsunlar, çəkinsinlər və ABŞ-a möhtac qalsınlar.
Bu mənzərəyə baxanda bir neçə geniş yayılmış tezisin, əsasən də qardaş Türkiyə TV-lərindən axan və bizim cəmiyyətə də ciddi təsir edən fikirlərə münasibət bildirmək istədim. Türkiyə və Avropa mediasında yayılmış tezislər:
1. “ABŞ, Tramp “Epşteyn işini” unutdurmaq üçün müharibəyə başladı” – Dostlar, Epşteyn məsələsi, indi açıqlanan fayllar 2019-cu ildən ABŞ Ədliyyə Nazirliyində artıq var idi. 2020-də hakimiyyətə kim gəldi – bəli, Demokratlar və Bayden. Onların ən böyük rəqibi, ən zəhləsi gedən adam kim idi – doğrudur, Tramp və komandası. Yaxşı, 2019-cu ildən mövcud olan fayllarda Trampa qarşı çox kəskin kompromatlar var idisə, Bayden və komandası hakimiyyətdə olduqları 4 ildə niyə onları yayıb Trampı yerə gömmədilər?! Çox asan olardı axı – faylları açırsan, Trampla bağlı bütün video-fotoları yayırsan, Tramp siyasi olaraq məhv olur, rəqib olmaqdan çəkilir, 2024-cü ildə də rahat Respublikaçıları udursan – çünki, Trampdan başqa normal, xarizmatik namizədləri yox idi. Yaxşı, “Epşteyn faylarını” kim açdı? Bəli, Tramp, fərman imzaladı ki, bütün fayllar açılsın.
2. “ABŞ və İsrail üçün Hörmüz boğazının bağlanma cəhdi və regiondakı ABŞ hərbi bazalarının, Körfəz ölkələrinin vurulması sürpriz oldu” – Yəqin ki, bu tezisi 500 dəfə eşitmisiniz, dostlar, ABŞ-ın 18 xüsusi xidmət orqanı var, keçən ilki 12 günlük müharibədən sonra, sosial şəbəkə iştirakçıları divanda oturub, dünya mediası redaksiyada oturub 5000 dəfə yazırdılar ki, yeni müharibə olsa İran Hörmüzü bağlaya, Körfəz ölkələrini vura bilər. Yaxşı, bunu biz bildik (keçən il müsahibələrdə dəfələrlə mən də demişdim), 18 xüsusi xidmət orqanı olan ABŞ, bunu bilmirdi, hesablamamışdı, eləmi?!
3. “ABŞ və İsrail plansız-proqramsız müharibəyə başladı, indi də bataqlığa batıblar” – Dostlar, İsrail “peycer əməliyyatını” 3 il planlamışdı, ABŞ Venesuela əməliyyatını aylarla hazırlamışdı, indi deyirsiniz ki, bu iki ölkə plansız, düşünmədən müharibəyə girib?! Olmur belə.
Qardaş Türkiyə TV kanallarının adını elə-belə çəkmədim, özümüzün TV məkanı cəlbedici deyil, hökumət böyük ekranı balaca ekrana (telefona) uduzub, ölkə əhalisinin 60%-ə yaxını Türkiyə TV kanallarına baxır, düşüncələrinə o kanallardan yayılan məlumatlar ciddi təsir edir.
Məncə, hökumət bu haqda düşünməlidir – daxili müzakirələri bu qədər sıxanda, xalqın təsəvvürlərini başqaları, doğma, əziz də olsa, yenə də başqaları formalaşdırır. Bunu unutmayaq...
çap et