Vaxt.Az

Azərbaycana casusluqda ittihamı olunan diplomat bəraət aldı


 

Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı

Azərbaycana casusluqda ittihamı olunan diplomat bəraət aldı İrəvanda birinci instansiya məhkəməsi Azərbaycan lehinə casusluqda ittiham olunan Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Aleksanyan barədə bəraət qərarı verib.

Vaxy.az xəbər verir ki, diplomatın vəkili Abqar Poqosyan sosial şəbəkə hesabında məlumatı təsdiqləyib. Ermənistan Baş Prokurorluğunun nümayəndələri isə məhkəmə qərarının yekun olmadığını və yuxarı instansiya məhkəməsinə şikayət veriləcəyini bildiriblər.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin hərəkətlərinə hüquqi qiymət verilib və onun fəaliyyətində dövlətə xəyanət maddəsi üzrə cinayət tərkibinin olmadığı müəyyən edilib. Hakimlərin mövqeyinə görə, ittiham edilən hərəkətlər dövlətə xəyanət kimi deyil, daha çox vəzifə səlahiyyətlərinin aşılması maddəsi ilə qiymətləndirilə bilər.

Məlumata görə, dövlətə xəyanət və casusluq ittihamı üzrə cinayət işi 2025-ci il iyunun 20-də başlanıb. Aşxen Aleksanyan həmin ay hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Lakin onun saxlanılması barədə məlumat ictimaiyyətə yalnız iki ay sonra açıqlanıb.

Bundan əvvəl Ermənistan mediasında diplomatın İrəvandakı Zvartnots hava limanında saxlanıldığı barədə məlumat yayılmışdı. Məlumatlara görə, o, Azərbaycan vətəndaşına məxfi məlumatların ötürülməsində şübhəli bilinirdi.

Bəzi media mənbələrinin iddiasına görə, saxlanılan şəxs ilə həmin Azərbaycan vətəndaşı arasında şəxsi münasibətlərin olduğu da bildirilmişdi. Lakin bu iddiaların detalları rəsmi şəkildə açıqlanmayıb.

 





27.03.2026    çap et  çap et