Meksika Kubaya humanitar yardım daşıyan iki mülki katerin itkin düşdüyünü açıqlayıb.
Vaxt.az xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri sözçüsünün bildirdiyinə görə, İsla Muxeres adasından yola çıxan və 24–25 martda Kubaya çatması gözlənilən katerlərdən hələ xəbər alınmayıb.
Açıqlamada qeyd edilib ki, katerlərdə müxtəlif ölkələrdən ümumilikdə 9 nəfər olub. Meksika donanması itkin katerləri tapmaq üçün axtarış-xilasetmə əməliyyatına başlayıb.
“Katerlər ilə hələ heç bir əlaqə qurula bilməmişik. Meksika dövləti, dənizdə insan həyatı üçün məsuliyyət çərçivəsində aid protokolları dərhal işə salıb. Sözügedən katerlər, Kubadakı iqtisadi vəziyyətin pisləşməsi və ABŞ-ın neft embarqosuna qarşı adaya humanitar yardım çatdırmaq məqsədilə təşkil olunmuşdu. Katerlərdə 2 qadın, 6 kişi və 3 yaşlı bir qız uşağı olub", – deyə Meksika Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilir.
Açıqlamada vurğulanıb ki, İsla Muxeres ilə Havana arasındakı təxmini marşrut, mümkün marşrut dəyişiklik nöqtələri, ərazidəki meteoroloji şərait və güclü dəniz axınları nəzərə alınıb. Eyni zamanda, itkin katerlərin tapılmasına dəstək vermələri üçün Karib dənizi və Meksika Körfəzi bölgəsində fəaliyyət göstərən ticarət, balıqçılıq və turizm gəmilərinə çağırış edilib.
çap et