Rusiyanın gömrük əməkdaşları Yekaterinburqdakı Koltsovo Beynəlxalq Hava Limanında ölkədən 1900‑cü illərin əvvəllərində hazırlanmış antik samovarın çıxarılmasının qarşısını alıb.
Vaxt.az Kommersant.ru-ya istinadən xəbər verir ki, bu barədə Ural Gömrük İdarəsinin (UTU) məlumatında bildirilir.
Gömrük xidmətinin yaydığı məlumata görə, hava limanından “yaşıl koridor” vasitəsilə keçən Azərbaycan vətəndaşı təsadüfi yoxlamaya məruz qalıb. Gömrük baxışı zamanı onun baqajında mədəni dəyər hesab edilən qədim samovar aşkar edilib.
Sərnişin izahatında bildirib ki, ailə yadigarı olan həmin samovar illərdir ki, Çelyabinsk yaxınlığında bir qohumunun qarajında saxlanılıb. O, bu antik əşyanı Bakıda evinə aparmaq istəyib.
Ural Gömrük İdarəsinin ekspertləri samovarı araşdıraraq müəyyən ediblər ki, bu əşya ötən əsrin əvvəllərində latundan hazırlanmış mədəni dəyər hesab olunur. Məlumata görə, samovar Şemarin qardaşlarının fabriklərində istehsal edilib – bu şirkət İran şahı sarayının təchizatçısı kimi tanınıb. Samovar üzərində müxtəlif tarixi möhürlər olub və hazırda onlardan bəzilərini oxumaq mümkündür: “1899‑cu il Sankt‑Peterburq franko‑rus sərgisi”, “Əmək və uğur üçün”, “Nikolay II imp. Samoder. Ross”.
Hazırda sərnişin barəsində məhsulların deklarasiya edilməməsi və çıxarış qaydalarının pozulması ilə əlaqədar inzibati prosedurların başlanması məsələsi araşdırılır.
Gömrük xidmətinin məlumatında vurğulanır ki, bu cür halların qarşısı alınması və mədəni dəyər daşıyan əşyaların qorunması prioritet məsələ kimi davam etdirilir.
Əvvəlki oxşar faktlar arasında, Soçidə nadir heyvan – serval növünün ölkədən çıxmağa cəhd edən şəxsin saxlanılması da yer alıb.
çap et