ABŞ-ın İraq və Əfqanıstanı az itkilərlə 20-37 günə işğalından yazdım, yenə başladılar: “İran Əfqanıstan, İraq deyil”. Guya onlarda ordu, xalqlar, təriqətlər, məzhəblər hakimiyyəti satıb, İranda isə hamı hakimiyyəti qorumağa çalışacaq.
İranı sizlərə vahid ölkə kimi sırımağa çalışsalar da daxilində çox fərqli, bir-birinə kəskin münasibətdə olan milyonlarla sayı olan xalqlar yaşayır və onların hamısı eyni düşünmür. Hakimiyyətə qarşı da sevgi bəsləmirlər.
Gəlin bu “vahid” İranın tərkibinə bir baxaq. Görək İraq daha vahid idi, ya İran.
İranın cənubunda yaşayan İran ərəbləri həmişə hakimiyyətdən narazı olub, sünni və şiələrdən ibarətdirlər. İranın Xuzistan bölgəsində yaşayan ərəblərin tarixən narazılıqları olub, hətta muxtariyyət tələbi ilə silahlı qarşıdurmalar da olub. Bundan sonra da ilk fürsətdə etiraza qalxma potensialları var.
Ölkənin qərbində yaşayan Kürdlər artıq illərdir silahlı mübarizə təcrübəsinə malikdir (PJAK). Kürdlərin əsas hissəsi Şafi məzhəbinə məxsus sünnilərdir. Fürsət axtardıqlarını bütün dünya bilir.
Bəluclar isə İranın ən problemli bölgələrindən birində yaşayır və onlar da tez-tez hakimiyyətlə qarşı-qarşıya gəlirlər. Hənəfi məzhəbinə məxsus sünnilərdir. Ölkədə ən çox silahlanmış bölgə hesab edilir. El dilində desək, bir himə bənddirlər.
İranın cənubunda yaşayan Qaşqaylar da tarix boyu boş dayanmayıb. Onlar həm Pəhləvilər dövründə, həm də İran İslam İnqilabı (1979) sonrası silahlı şəkildə hakimiyyətə qarşı vuruşublar. Qaşqay xanlarının şaha və molla rejiminə qarşı mübarizəsi, bu yolda həyatlarını itirmələrinin araşdırıb şahidi də ola bilərsiniz. İndiki hakimiyyətə bəlkə də içlərində ən çox nifrət bəsləyən xalqdır. Bir dəfə onlar haqda da yazmışam, hətta Qaşqaylar general Muxtar Qarabağın və Xosrov xanın rəhbərliyi ilə Müsavat Partiyası da yaradıb.
Onların da bizim Azərbaycan xalqı kimi çox hissəsi şiə olsa da, namaz qılmırlar, oruc tutmazlar. Dindarlıqları bizim kimi elə yaslarda salavat çevirməkdən ibarətdir.
Bilirəm ki, hamınız fikirləşirsiniz ki, bəs milyonlarla Azərbaycanlılar necə olacaq?
Bizim Güney Azərbaycanımız indiyə qədər etirazlarını mitinqlər, aksiyalar, şüarlar formasında ediblər. Amma bu o demək deyil ki, heç nə dəyişməyəcək. Sadəcə bizim mübarizə üsulumuz başqadır.
Eyni şeyi farslar haqqında da demək olar. Onlar da daha çox mitinqə çıxmaqla, sivil etirazlar etməklə etirazlarını bildirirlər. Rejimdən narazıdırlar.
Ona görə də qəti şəkildə “hamı hakimiyyəti qoruyacaq” demək də yanlış olar, “hamı ayağa qalxacaq” demək də.
Əsas məsələ odur ki, belə bir vəziyyət yaranarsa, heç vaxt silaha əl atmayan, ən böyük silahı AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT olan Güney Azərbaycandakı milyonlar nə edəcək?
Əgər İranda ölkə daxilində qarşıdurmalar yaranacaqsa, onların nə etməli olduğunu Azərbaycan və Türkiyə hakimiyyəti hesablamalıdır.
çap et