Yəqin ki, erməni şovinizminin xaç atası, türk düşməni, mənfur “Ocaq” cızma-qarasının müəllifi Zori Balayanı Azərbaycanda tanımayan yoxdur. Torpaqlarımızın işğalı dövründə sinəsini gərə-gərə gəzən bu faşist Qarabağda erməni cəlladlarının törətdiyi Malıbəyli-Quşçular, Qaradağlı, Ağdaban, Ballıqaya soyqırımlarından fəxrlə danışırdı. Amma onun ən çox qürurlandığı isə insanlıq adına utanc sayılan Xocalı qətliamı idi.
Qarabağın işğaldan azad olunmasının tarixinə gəlincə, ən çox sevindirən məqamlardan biri Zori Balayanın bu tarixi hadisələri gözü ilə görməsi oldu. Zori Balayana ikinci ciddi zərbə onun öz mənfur kitabındakı “Azərbaycanlılar üzr istəməlidir” iddiasına cavab olan “Kim üzr istəməlidir?” əsəri oldu.
200 illik tariximizə işıq salan bu əsər rus işğalından başlayaraq Qarabağın işğaldan azad olunması – 44 günlük Vətən Müharibəsinə qədər azərbaycanlıların başlarına gələn müsibətlərdən bəhs edir. Bu sadəcə kitab deyil, sözün həqiqi mənasında foto və materiallarla zəngin ensiklopedik topludur.
Müəllifi Elçin Bilaloğlu olan kitaba ön sözü millət vəkili, filologiya elmləri namizədi, yazıçı-publisist Səyyad Aran qələmə alıb.
Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri də daxil olmaqla son 200 ili əhatə edən topluda mənbələrə əsaslanan 1000-ə yaxın fakt yer alıb.
Kitabda tarixi faktlar Çar Rusiyasının ermənipərəst siyasətindən başlayaraq ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi, erməni-bolşevik tandeminin tarixi ərazilərimizdə Ermənistan dövlətini yaratmaları, 1988-ci il fevralın 13-də “Miatsum” mitinqi və 2020-ci il sentyabrın 27-dək Vətən Müharibəsinə qədər davam edən erməni vəhşilikləri və təxribatlarından bəhs edir.
Məlumatlar xronoloji ardıcıllıqla, müvafiq fotolar və hadisələrin müəllif tərəfindən özünəməxsus qaydada şərhi ilə təqdim edilib.
Bu günlərdə kitabın müəllifi ilə Beyləqan rayonundakı oxucuların görüşü keçirildi. Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan tədbir, həm də “Kim üzrə istəməlidir?” kitabının təqdimetmə mərasimi idi.
Tədbirə giriş sözü ilə başlayan aparıcı bildirdi ki, 1993-cü il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalı şəhərini işğal etdi. Şəhər hücumdan əvvəl fevralın 25-i axşamı təpələrdə yerləşdirilən zirehli texnikalardan şiddətli atəşə tutuldu. Soyqırımı nəticəsində 613 nəfər həlak oldu. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri isə qoca idi. 130 uşaq valideynlərinin birini itirdi, 150 nəfər itkin düşdü, 1275 nəfər isə əsir götürüldü. Dövlət və vətəndaşların əmlakına 1992-ci il aprelin 1-i tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu.
Əli Əskərov adına Yuxarı Kəbirli kənd tam orta məktəbində təşkil olunan tədbirdə tanınmış ziyalılardan Milli Onkologiya Mərkəzinin baş həkimi, doktor Azad Kərimli, həmin mərkəzin şöbə müdiri, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru və bu tədbirin təşkilatçılarından biri Niyazi Əskərov, mərkəzin digər tanınmış əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru, həmçinin adıçəkilən kitabın müəllifi Elçin (Bilaloğlu) Mansurov, Tibb Universitetinin professoru Müşfiq Həsənov, “Ağdama Qayıdış” İctimai Birliyinin sədri doktor Azər Qasımov, keçmiş döyüşçü-kəşfiyyatçı Mübariz müəllim, Mədəniyyət kanalından Avdi Qoşqar və Tahir Sarablı, Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yeganə Məmmədova, rayonun tanınmış ziyalıları, məktəbin müəllim və şagirdləri iştirak edirdi.
Tədbirə qatılanlar və çıxış edənlər “Kim üzrə istəməlidir?” toplusunun hər bir ziyalı üçün stolüstü kitab olmasını diqqətə çatdırdı.
Müəllif çıxışında bildirdi ki, kitabın Bakıda təqdimatında deputatlar, böyük elm xadimləri, xalq artistləri iştirak etdi: “Amma buradakı tədbir də paytaxtdakı kimi maraqlı, cəlbedici idi. Kitaba gəldikdə 348 səhifəlik kitabda 90 dəfədən çox Xocalı qətliamının adı çəkilib. Bu da həmin faciənin bizim üçün nə qədər ağrılı olduğunu göstərir. Tanrının işinə baxın ki, kitabdakı ilk şəkil də, son yazı da Xocalıdan bəhs edir. Xocalı faciəsinin canlı şahidləri Azər doktor və birinci Qarabağ müharibəsinin iştirakçısı, keçmiş döyüşçü Mübariz müəllim də tədbirimizdə iştirak edir”.
Müəllif bu kitabın ərsəyə gəlməsinin tarixçəsini və Xocalı hadisəsi baş verən zaman televiziyada gördüklərini anlatarkən qonaqların gözləri yaşla doldu: “Evdə oturub həyat yoldaşımla televizorda Xocalı faciəsi ilə bağlı rəhmətlik Çingiz Mustafayevin çəkdiyi kadrlara baxırdıq. Yeri gəlmişkən mən Çingiz Mustafayevlə Tibb Universitetində eyni ildə, bir “potok”da oxumuşam. Onun kadrlarında amansızlıqla öldürülmüş uşaqları göstərəndə özümü saxlaya bilmədim. Həyat yoldaşımla bir-birimizin üzünə baxdıq. İkimiz də ağlayırdıq. Sanki ən əziz adamlarımız həlak olmuşdu. Və səhəri gün xanımımın bütün saçının töküldüyünü gördüm. O qədər böyük stress keçirmişdi ki, alopesiya olmuşdu. Mən o vaxt belə qərara gəldim ki, mütləq bu faciəylə bağlı bir iş görməliyəm”.
“Ağdama qayıdış” İctimai Birliyinin sədri Azər Qasımov soyqırımı haqqında danışarkən bildirdi ki, Xocalı faciəsində baş verən hadisələri danışmaq, orada olan ağır mənzərəni oxumaq, televizorda, çəkilişlərdə görmək ayrı şeydir, amma canlı yaşanmışlar sözlə ifadə oluna bilməz: “Didərgin düşmüş xocalıları, donmuş uşaqları qarın altından çıxardan birisi kimi deyirəm ki, dünyanın hər bir yerində insan ölümü faciədir. Erməni faşistləri 1992-ci ilin fevral ayının 10-dan 12-ə qədər Malıbəyli, Aşağı Quşçu, Yuxarı Quşçu kəndləriində 51 vətəndaşımızı vəhşicəsinə qətlə yetirdilər. Ayın 15-də Xocavənd rayonunun Qaradağlı kəndində insanlarımızı kütləvi şəkildə qırdılar. Biz həmin vaxt proseslərin hamısını Ağdamda narahatlıqla izləyirdik. Mərkəzi aparatda nəzarətin, koordinasiyanın olmaması kimi səbəblərdən belə halları yaşadıq. Amma vətənə, torpağa olan məhəbbət sağ qalan xocalıları xilas elədi. Yəni Ağdam camaatının məğrurluğu, mübarizliyi onları xilas elədi. O dövrdə hamımız bilirdik ki, Xocalı hər tərəfdən mühasirəyə alınıb. Bu qırğın gözlənilirdi. Yuxarı rəhbərliyə də məlumat verildi. Çox təəssüf ki, heç kim bir tədbir görmədi və nəticədə ayın 25-də bütün ağdamlılar rayon mərkəzinə yığışdı. Hamı tələb elədi ki, Xocalıya yürüş edək. Milis postları bizim qarşımızı kəsdilər, qoymadılar. Şirli kəndində Qara Qaya adlanan təpənin üstünə çıxanda yanan Xocalını görürdük, qadın çığırtısını, uşaq qışqırıqlarını eşidirdik. Əli silahlı əsgərin düşmən tərəfindən öldürülməsi təbiidir. Amma günahsız körpənin, yetmiş beş yaşlı ahıl kişinin, cavan gəlinin başının kəsilməsini, valideynin gözü qabağında övladının diri-diri torpağa basdırılmasını təsəvvür belə etmək olmur. Onların bir neçəsi ilə qarşılaşdım. Qayanın ətəyində onlara yaxınlaşıb xilas etmək istəyəndə gözlərimizə inanmadıq. İnsan fiziki olaraq yaşayırdı, sənə baxırdı, amma səni görmürdü. Bilirsən ki, bütün orqanlar işləyir, amma eşitmirdi. Addım ata bilmirdi. Ömrü boyu ağlına gələ bilməyəcək faciələr yaşayan şəxs artıq insanlıqdan çıxır”.
Tədbirdə çıxış edən digər keçmiş döyüşçü-kəşfiyyatçı Mübariz müəllim Qarabağda baş verən faciələrdən və bu işğala son qoyan 44 günlük Vətən müharibəsindən, Qəhrəman Ordumuzun şücaətindən, Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən danışdı. Bütün bunlar Böyük Qələbənin əldə olunmasında əsas stimul idi: “Erməni faşistlər Tərtər, Bərdə və Gəncədə günahsız mülki əhalini raket atəşinə tutanda hamı tələb edirdi ki, onlara cavab zərbəsi vurulsun. Ali Baş Komandan isə bildirdi ki, mən icazə vermərəm ki, onların mülki əhalisi top atəşinə tutulsun. Çünki bizim tərbiyəmiz var və biz müharibəni əxlaqla aparırıq”.
Yuxarı Kəbirli tam kənd orta məktəbinin şagirdləri söylədikləri şeir və göstərdikləri tamaşa səhnəcikləri ilə tədbir iştirakçılarına unudulmaz anlar bəxş etdi. Tədbirin sonundakı əsgər marşını isə, sözün həqiqi mənasında, sözlə təsvir etmək mümkün deyil. Onu ancaq yaşayıb görmək lazım idi. Bu çıxış o qədər möhtəşəm alındı ki, qonaqlardan biri “Xahiş edirəm, o cür ruhdan, əsgər formalı uşaqların tamaşasından sonra çıxış olmasın. Qoyun tədbirdən həmin təsirlə, o ruhla gedək”.
çap et