ABŞ prezidenti Donald Trumpın İrana qarşı genişmiqyaslı bombardmanları dayandırması və ABŞ-İran müharibəsində iki həftəlik atəşkəs elan etməsi xəbərlərindən sonra dünya bazarlarında neft qiymətləri kəskin şəkildə aşağı düşüb.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, atəşkəs xəbərləri fonunda “Brent” markalı neft üzrə fyuçers müqavilələrinin qiyməti 16 faizdən çox azalaraq bir barel üçün 90,78 dollara qədər geriləyib. Eyni zamanda, ABŞ-ın əsas neft markası olan “West Texas Intermediate” (WTI) üzrə fyuçerslər də təxminən 16 faiz ucuzlaşaraq 94 dollar ətrafında ticarət olunub.
Neft qiymətlərinin düşməsi fonunda fond bazarlarında isə əksinə, yüksəliş qeydə alınıb. ABŞ-ın aparıcı indeksləri — “S&P 500” və “Nasdaq 100” üzrə fyuçerslər təxminən 2 faiz artıb, “Dow Jones Industrial Average” üzrə fyuçers kontraktları isə 900 bənddən çox yüksəlib.
Analitiklər bildirirlər ki, atəşkəs gözləntiləri enerji bazarlarında risklərin azalması ilə bağlı ümidləri artırdığı üçün neft qiymətlərində belə kəskin eniş müşahidə olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək bildirib ki, İrana qarşı bombardman və hücumların iki həftə müddətinə dayandırılmasına razılıq verib. O, dünən etdiyi başqa bir açıqlamada bunun qarşılıqlı atəşkəs olacağını vurğulayıb və ABŞ-ın hərbi hədəflərinə artıq nail olduğunu, həmçinin Yaxın Şərqdə uzunmüddətli sülh razılaşması istiqamətində irəliləyiş əldə edildiyini bildirib.
çap et