Vaxt.Az

Pakistandan atəşkəs çağırışı


 

Şahbaz Şərif Trampdan müddəti uzatmasını, İrandan isə Hörmüzü açmasını istədi

Pakistandan atəşkəs çağırışı Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa İrana verilən müddətin iki həftə uzadılması çağırışı edib, Tehran rəhbərliyindən isə Hörmüz boğazını eyni müddətə açmağı xahiş edib.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, Şahbaz Şərif sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, ABŞ ilə İran arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir və yaxın vaxtlarda konkret nəticələr verə bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün diplomatik səylər sabit və effektiv şəkildə irəliləyir.

Pakistanın hökumət başçısı qeyd edib ki, diplomatiyaya imkan yaratmaq üçün Donald Trampdan İrana verilmiş vaxtın iki həftə uzadılmasını rica edir. Eyni zamanda, Pakistanın İran rəhbərliyindən xoş niyyət jesti olaraq Hörmüz boğazını iki həftə müddətinə açmağı xahiş etdiyini vurğulayıb.

Şahbaz Şərif əlavə edib ki, bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi üçün diplomatik proseslərə üstünlük verilməli və bütün tərəflər iki həftəlik atəşkəs rejiminə əməl etməlidir.

Bu arada, Donald Tramp daha əvvəl “Fox News” kanalına açıqlamasında İrana qarşı misli görünməmiş hücum planına işarə edərək, müəyyən edilmiş vaxtda ciddi addımlar atılacağını bildirmişdi. ABŞ prezidenti sosial şəbəkədə paylaşdığı başqa bir mesajda isə İranla bağlı sərt bəyanatlar səsləndirib və son tarixə diqqət çəkib.

Xatırladaq ki, Tramp daha əvvəl İranı Hörmüz boğazını açmağa çağırmış və bunun üçün son tarix kimi ABŞ-ın Şərq sahili vaxtı ilə saat 20:00-ni (Bakı vaxtı ilə 8 aprel saat 04:00) göstərmişdi.

 





08.04.2026    çap et  çap et