ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə olunmasında İranın ali rəhbərliyinin birbaşa müdaxiləsi həlledici rol oynayıb.VAXT.AZ xəbər verir ki, “Axios” bu barədə özəl mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın sərt ultimatumları fonunda İranın ali lideri Müctəba Xameneyi ilk dəfə olaraq müharibə başlayandan sonra nümayəndələrinə razılaşma istiqamətində hərəkət etməyi tapşırıb. İsrail və region rəsmilərinin sözlərinə görə, məhz bu qərar danışıqlarda dönüş nöqtəsi olub.
Pakistan vasitəçi rolunu oynayıb
Danışıqların gedişində Pakistan əsas vasitəçi kimi çıxış edib və tərəflər arasında yeni təkliflərin ötürülməsini həyata keçirib. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Araqçı arasında layihə sənədləri məhz Pakistan vasitəsilə mübadilə olunub.
Məlumatda qeyd edilir ki, həmçinin Misir və Türkiyənin xarici işlər nazirləri də tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etməyə çalışıblar.
Son qərar birbaşa dini liderdən gəlib
Mənbələrin bildirdiyinə görə, İran rəhbərliyi İsrail tərəfindən mümkün sui-qəsd təhlükəsi səbəbilə danışıqları gizli şəkildə həyata keçirib və ali dini lider əsasən qeydlər vasitəsilə əlaqə saxlayıb.
Danışıqlarda iştirak edən mənbələrdən ikisi Müctəba Xameneyinin nümayəndələrinə razılaşma əldə etməyə icazə verməsini “dönüş nöqtəsi” kimi qiymətləndirib. Onların sözlərinə görə, İran daxilində əsas qərarlar məhz onun razılığı ilə qəbul edilib.
Son saatlarda gərginlik pik həddə çatıb
Məlumata əsasən, ABŞ hərbi qüvvələri son saatlarda İranın infrastrukturuna qarşı genişmiqyaslı bombardmana hazırlaşırdı. Eyni zamanda region ölkələri İranın mümkün cavab zərbələrinə hazır vəziyyətə gətirilmişdi.
Həmin saatlarda İsrailin baş naziri Benyamin Netanyahu gün ərzində dəfələrlə Donald Tramp və onun komandası ilə əlaqə saxlayıb. ABŞ vitse-prezidenti Ceyms Devid Vens isə Pakistan tərəfi ilə danışıqları koordinasiya edib.
Nəticədə, ABŞ və İran tərəfləri iki həftəlik atəşkəs üzrə razılığa yaxınlaşaraq ilkin anlaşmaya gəlib. Bundan qısa müddət sonra İran tərəfi Hörmüz boğazının nəzarətli şəkildə açılacağını açıqlayıb.
Razılaşmanın gələcəyi hələ qeyri-müəyyəndir
Bununla belə, analitiklər bildirirlər ki, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalır və müharibənin yenidən başlaması ehtimalı istisna edilmir. ABŞ tərəfi gələcək sülh danışıqlarında İranın nüvə proqramından imtina etməsi və ballistik raket imkanlarını məhdudlaşdırması məsələsini əsas şərt kimi irəli sürə bilər.
çap et