İran-İsrail-ABŞ qarşıdurması fonunda elan olunan 2 həftəlik atəşkəs ilk baxışda gərginliyin azalması kimi təqdim olunsa da, son hadisələr göstərir ki, bu, klassik sülh razılaşması deyil. Dünənki yazımızda da qeyd etmişdik ki, İrana münasibətdə ABŞ ilə İsrailin maraqları üst-üstə düşmür. Atəşkəsdən sonra baş verənlər bu fərqi daha da aydın şəkildə üzə çıxardı və münaqişənin mahiyyətinin “idarə olunan fasilə” olduğunu təsdiqlədi.Qərb mediası bu prosesi ehtiyatlı optimizm və dərin şübhə ilə müşahidə edir. CNN analitiki Fərid Zəkəriyənın “Israel wants to destroy the Islamic Republic… the U.S. wants stability” (İsrail İslam Respublikasını məhv etmək… ABŞ isə sabitlik istəyir) fikri (CNN) bu fərqi açıq şəkildə ifadə edir. “Reuters” isə daha diplomatik dillə yazır: “Ceasefire… aimed at de-escalating tensions and opening negotiations.” (Atəşkəs gərginliyi azaltmaq və danışıqlar üçün imkan yaratmaq məqsədi daşıyır) (Reuters). Bununla belə, “The Guardian” xəbərdarlıq edir: “Talks… appear to falter.” (Danışıqlar dalana dirənmiş kimi görünür) və “İran insists on permanent end… US rejects” (İran müharibənin tam dayandırılmasını tələb edir… ABŞ isə bunu qəbul etmir). Bu sitatlar göstərir ki, atəşkəs real razılaşmadan çox, taktiki mövqelərin toqquşduğu bir mərhələdir.
İsrail tərəfi isə atəşkəsi formal şəkildə qəbul etsə də, onun məhdud çərçivədə tətbiq olunacağını açıq şəkildə bildirir. “Reuters” qeyd edir: “Israel backed the pause… but not Lebanon.” (İsrail fasiləni dəstəklədi… lakin bu, Livanı əhatə etmir). “The Wall Street Journal” isə bunu daha sərt ifadə edir: “Cease-fire doesn’t extend to Lebanon.” (Atəşkəs Livanı əhatə etmir) (WSJ). Hətta daha açıq mesaj da verilir: “Israel continues strikes… despite ceasefire.” (İsrail atəşkəsə baxmayaraq zərbələri davam etdirir). Bu, faktiki olaraq göstərir ki, İsrail üçün atəşkəs müharibənin dayandırılması deyil, onun selektiv davamıdır.
İsrail mediası: atəşkəsə inam yoxdur
İsrail mediasında atəşkəslə bağlı ton Qərb mediasından xeyli fərqlənir. Əgər Qərb mətbuatı bunu “de-eskalasiya imkanı” kimi təqdim edirsə, İsrail mediası daha çox şübhə və təhlükəsizlik prizmasından yanaşır.
İsrailin aparıcı nəşrləri atəşkəsi strateji dönüş yox, taktiki fasilə kimi qiymətləndirir. Məsələn, “The Times of İsrael” yazır: “A ceasefire with Iran would only delay the next round of conflict.” (İranla atəşkəs yalnız növbəti qarşıdurmanı gecikdirə bilər)
Bu yanaşma açıq şəkildə göstərir ki, İsrail ictimai və ekspert mühitində atəşkəs uzunmüddətli həll kimi qəbul edilmir.
Eyni xətt “Haaretz” qəzetində də hiss olunur. Qəzet təhlükəsizlik dairələrinə istinadən qeyd edir: “There is deep skepticism within Israel’s security establishment about any lasting ceasefire.” (İsrailin təhlükəsizlik qurumları daxilində davamlı atəşkəsə dərin şübhə var)
Bu sitat onu göstərir ki, məsələ yalnız siyasi ritorika deyil — hərbi və təhlükəsizlik elitası da atəşkəsin davamlılığına inanmır.
Bəzi İsrail analitikləri isə daha da açıq danışır. Onların fikrincə: “Ceasefires with Iran are tactical pauses, not strategic solutions.” (İranla atəşkəslər strateji həll deyil, taktiki fasilələrdir)
Bu yanaşma İsrailin ümumi strateji düşüncəsini əks etdirir: münaqişə bitməyib və bitməyəcək, sadəcə mərhələlərə bölünür.
Ümumiyyətlə, İsrail mediasının mövqeyi bir cümlə ilə belə ümumiləşdirilə bilər ki, atəşkəs sülh deyil, bu, növbəti müharibəyə hazırlıq mərhələsidir.
İran tərəfi isə eyni hadisəni tam fərqli şəkildə təqdim edir. Tehran bu atəşkəsi geri çəkilmə kimi yox, müqavimətin nəticəsi kimi şərh edir. İran mediasında və rəsmi açıqlamalarda tez-tez belə tezislər səslənir ki, ölkə “təzyiqlərə baxmayaraq geri çəkilmədi” və “qarşı tərəfi atəşkəsə məcbur etdi”. Bu narrativ daxili auditoriyaya yönəlib və məqsədi siyasi legitimliyi gücləndirməkdir. İran üçün əsas məsələ hərbi nəticədən çox, siyasi və psixoloji üstünlük təsəvvürü yaratmaqdır.
Bu kontekstdə Pakistan kimi vasitəçi ölkələrin mövqeyi də diqqət çəkir. Pakistan mətbuatı atəşkəsi ehtiyatlı müsbət addım kimi qiymətləndirsə də, onu sabitlik yox, müvəqqəti nəfəs alma imkanı kimi təqdim edir. Yerli analitiklər yazır ki, bu razılaşma yalnız o halda davamlı ola bilər ki, tərəflər əsas ziddiyyətləri həll etsin. Əks halda, bu, “next phase of conflict” – yəni münaqişənin növbəti mərhələsinə keçid üçün fasilədir. Pakistanın yanaşması daha çox regional sabitlik prizmasından çıxış edir və genişmiqyaslı müharibənin qarşısını almağa fokuslanır.
Ən maraqlı və təhlükəli ssenarilərdən biri isə ABŞ-ın bu münaqişədə rolunun dəyişməsi ilə bağlıdır. Teorik olaraq mümkündür ki, Vaşinqton bir mərhələdə rəsmi şəkildə müharibədən məsafə saxlasın və ya aktiv iştirakını azaltsın. Lakin bu, münaqişənin bitməsi demək deyil. Əksinə, belə halda İsrail daha sərbəst hərəkət edə və hərbi əməliyyatları genişləndirə bilər. Bu isə ABŞ-İsrail münasibətlərində yeni balans yaradar: formal məsafə, lakin strateji yaxınlıq.
Belə bir ssenari artıq qismən hiss olunur. ABŞ daha çox diplomatik və strateji çərçivə qurmağa çalışdığı halda, İsrail operativ səviyyədə hərbi təşəbbüsü əlində saxlayır. Bu isə iki fərqli müharibə modelinin paralel şəkildə getdiyini göstərir.
Beləliklə ortaya çoxqatlı və ziddiyyətli mənzərə çıxır. Qərb mediası atəşkəsi “de-eskalasiya” kimi təqdim edir, İsrail onu selektiv şəkildə tətbiq edir, İran isə özünü qalib kimi göstərir. Pakistan kimi vasitəçilər isə bu prosesi sadəcə fasilə kimi qiymətləndirir.
Bütün bunlar bir həqiqəti təsdiqləyir: bu atəşkəs sülh deyil. Bu, tərəflərin mövqelərini yenidən qurmaq üçün əldə etdiyi taktiki zamandır. Münaqişə bitməyib, sadəcə formasını dəyişib. Və məhz buna görə bu proses sabitlik deyil, idarə olunan gərginlik yaradır.
çap et