İran Hörmüz boğazından neft və qaz daşıyan gəmilərdən keçid rüsumlarını kriptovalyuta və ya Çin yuanı ilə tələb edir.
VAXT.AZ “The Wall Street Journal” (WSJ) qəzetinə istinadən xəbər verir ki, kriptovalyuta araşdırma şirkəti “TRM Labs”ın hesabatına əsasən, bu üsul ödənişlərin ABŞ maliyyə sistemi xaricində həyata keçirilməsinə imkan yaradır və sanksiyaların tətbiqini çətinləşdirir.
“WSJ”nin yazdığına görə, “TRM Labs” müəyyən edib ki, Hörmüz boğazından keçən gəmilərdən rüsum kriptovalyuta ilə toplamaqla İran sanksiyaların tətbiqindən yayına bilər. Yəni kriptovalyuta bank sistemindən kənar işlədiyi üçün ABŞ hökuməti və ya başqa qurumlar bu ödənişləri izləmək və dayandırmaqda çətinlik çəkə bilər.
Şirkət bildirib ki, rəqəmsal valyuta əməliyyatlarının sürətli olması və bu əməliyyatların ABŞ bank sistemindən kənarda baş verməsi səbəbindən keçid ödənişlərini real vaxt rejimində bloklamaq daha mürəkkəb olur.
“TRM Labs”ın hesabatında qeyd olunub ki, bu praktika dövlət səviyyəsində sanksiyalardan yayınmaq məqsədilə kriptovalyutanın kritik şəkildə istifadə edilməsi kimi qiymətləndirilə bilər.
Vasitəçilər və gəmi brokerlərinin sözlərinə görə, İran gəmilərdən alınan rüsumların kriptovalyuta və ya Çin yuanı ilə ödənilməsini tələb edir. Nəqliyyat operatorları bildirir ki, bir supertanker üçün ödəniş məbləği 2 milyon dollara qədər çata bilər.
Şirkət həmçinin qeyd edib ki, İran ödənişləri Çinin “Kunlun Bank” vasitəsilə də qəbul edir. Transferlər isə SWIFT qlobal ödəniş sisteminə alternativ hesab edilən Çinin “Cross-Border Interbank Payment System” (CIPS) üzərindən həyata keçirilir.
ABŞ 2012-ci ildə “Kunlun Bankı”na İran banklarının milyonlarla dollarlıq köçürmələrinə kömək etdiyi iddiası ilə sanksiya tətbiq etmişdi. Bank isə həmin dövrdə bu addımın beynəlxalq münasibətlər prinsiplərini pozduğunu bildirmişdi.
çap et