Dünya bazarlarında neft qiymətləri Hörmüz boğazı ətrafında artan qeyri-müəyyənlik və regiondakı hücum xəbərləri fonunda yenidən yüksəliş göstərir.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, “Brent” markalı neftin qiyməti dünən dalğalı ticarət zamanı 1,2% artaraq 97 dollara yaxınlaşıb. Buna baxmayaraq, ABŞ-İran arasında atəşkəs elan edildikdən sonra həftə ərzində qiymətlər ümumilikdə 10%-dən çox geriləyib. ABŞ-nin “WTI” xam nefti isə bir barel üçün təxminən 99 dollar səviyyəsində ticarət olunub. Diqqət çəkən məqamlardan biri isə hazırda “WTI” qiymətinin “Brent”dən 2 dollara yaxın yüksək olmasıdır ki, bu vəziyyət adətən nadir hallarda müşahidə olunur və bazarda artan geosiyasi risklərin göstəricisi sayılır.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi enerji infrastrukturuna edilən hücumlar nəticəsində ölkənin gündəlik neft hasilat gücünün təxminən 600 min barel azaldığını bildirib. Hesablamalara görə, bu həcm krallığın adi xam neft ixracının təxminən 10%-nə bərabərdir. Eyni zamanda Qırmızı dəniz istiqamətində ixrac üçün istifadə olunan Şərq-Qərb boru kəmərinə xidmət edən nasos stansiyasına edilən hücumlar da əlavə itkilərə səbəb olub və ümumilikdə gündəlik 700 min barellik azalma qeydə alınıb.
Regiondakı risklər fonunda Yaxın Şərq neftindən asılı ölkələr ehtiyatlarını işə salmağa başlayıb. Yaponiya hökuməti may ayında ehtiyatlardan təxminən 20 günlük nefti bazara buraxacağını açıqlayıb. ABŞ isə enerji xərclərində mümkün artımı yumşaltmaq üçün Strateji Neft Ehtiyatından 30 milyon barelə qədər neftin bazara çıxarılmasını təklif edib.
Donald Tramp İranla mümkün razılaşma ilə bağlı “çox nikbin” olduğunu bildirib və Hörmüz boğazından keçən tankerlərdən rüsum alınması ilə bağlı xəbərlərə görə Tehrana xəbərdarlıq edib.
Diqqətlər indi sabah İslamabadda keçirilməsi gözlənilən ABŞ-İran görüşünə yönəlib. ABŞ nümayəndə heyətinə Ceyms Devid Vensin rəhbərlik edəcəyi gözlənilir və danışıqlarda əsas mövzulardan biri son aylarda qlobal neft və mayeləşdirilmiş qaz axınının təxminən beşdə birini risk altına qoyan Hörmüz boğazındakı vəziyyət olacaq.
çap et