İran ABŞ ilə gözlənilən danışıqlar üçün İslamabada nümayəndə heyəti göndərilməsi barədə yayılan məlumatları təkzib edib.VAXT.AZ xəbər verir ki, bu barədə dövlətə yaxın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Agentliyin yaydığı xəbərə görə, İran nümayəndə heyətinin Pakistan paytaxtına danışıqlar aparmaq üçün göndərildiyi barədə iddialar “tamamilə yanlışdır”. Bildirilib ki, hazırda Vaşinqtonla danışıqlar prosesi dayandırılmış vəziyyətdə qalır.
Məlumatda qeyd olunub ki, ABŞ Livanda atəşkəslə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyənədək və İsrailin Livan ərazisində hücumları davam etdiyi müddətdə danışıqların keçirilməsi nəzərdə tutulmur.
Bu təkzib son günlər İran və ABŞ arasında mümkün danışıqların keçirilməsi ilə bağlı yayılan ziddiyyətli məlumatlar fonunda səsləndirilib. Daha əvvəl bəzi media orqanlarında İran nümayəndələrinin yaxın günlərdə ABŞ rəsmiləri ilə görüşlər üçün İslamabada gələcəyi iddia olunmuşdu.
Bununla yanaşı, Rza Əmiri Moğadamın sosial şəbəkədə mümkün səfərlə bağlı paylaşımının silinməsi də danışıqlar ətrafında qeyri-müəyyənliyin davam etdiyini göstərən əlavə detal kimi qiymətləndirilir.
çap et