Vaxt.Az

Hörmüz böhranı davam edir


 

İran keçidləri bağladı, 800 gəmi blokadada qaldı

Hörmüz böhranı davam edir İranın iki həftəlik atəşkəsə baxmayaraq Hörmüz boğazı üzərində tətbiq etdiyi blokadanı aradan qaldırmaqdan imtina etməsi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti ilə ödənişli keçid mexanizmini tətbiq etməyə çalışması Yaxın Şərqdə gərginliyi daha da artırır.

İran ABŞ ilə razılaşdırdığı iki həftəlik atəşkəsin qüvvəyə mindiyi çərşənbə günündən bu yana boğazdan yalnız çox məhdud sayda gəminin keçid etdiyi bildirilir.

Hörmüz boğazının açılmaması və ABŞ–İran atəşkəsinin İsrailin Livan ərazisinə hücumları səbəbilə hər an pozula biləcəyi ilə bağlı narahatlıqlar bu gün neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub.

ABŞ və İsrailin fevralın 28-də İrana hücum etməsindən sonra Tehran rejiminin Hörmüz boğazını gəmilərin keçidi üçün bağlaması regionda yüzlərlə gəmi və tankerın blokadada qalmasına gətirib çıxarmışdı. İran bu addımı ilə qlobal enerji böhranının başlanmasına təkan vermişdi.

 

Kövrək atəşkəs qeyri-müəyyənliyi aradan qaldırmadı

 

VAXT.AZ xəbər verir ki, Beynəlxalq dənizçilik sahəsində xəbər, məlumat və təhlilləri ilə tanınan “Lloyd's List” nəşrinin məlumatına görə, regionda 800-dən çox gəmi blokada vəziyyətində qalır.

Donald Tramp İranın Hörmüz boğazının “tam, dərhal və təhlükəsiz şəkildə açılmasını” qəbul etdiyini açıqlayıb.

Lakin İran bu addıma razılaşmır. Hətta Tehran rejiminin on maddəlik planında İranın Hörmüz boğazı üzərində nəzarətinin davam etdirilməsi nəzərdə tutulur.

Regionda blokadada qalan gəmilər də hələlik boğazdan keçid etməyə cəsarət etmir. “Lloyd's List”in baş redaktoru Riçard Mid ehtiyatlı davranışın səbəbini belə izah edib: “Bir gəmi vurularsa, hər şey yenidən başlanacaq. O zaman heç kim atəşkəsə inanmaz. Hamının gərgin olması başadüşüləndir”.

 

Gəmi sahibləri təhlükəsizliyə əmin olmaq istəyir

 

Dəniz daşımaları ilə məşğul olan şirkətlər də narahatdırlar. Yaponiya Gəmi Sahibləri Assosiasiyası bildirib ki, “bu bölgənin keçid üçün təhlükəsiz olub-olmadığını hələ də bilmirik”.

“International Chamber of Shipping” təşkilatının nümayəndəsi Con Styupert də gəmi sahiblərinin səfərləri yenidən bərpa etmək üçün boğazdan keçidin təhlükəsiz olduğuna əmin olmaq istədiklərini vurğulayıb.

Məlumatlara görə, İran və ABŞ arasında atəşkəs razılaşmasına baxmayaraq, son 24 saat ərzində yalnız bir neft tankeri və beş yük gəmisi Hörmüz boğazından keçə bilib.

Halbuki müharibə başlamazdan əvvəl, yəni fevralın 28-dən öncə boğazdan gündə orta hesabla 140 gəmi keçirdi.

 

İrandan gəmilərə “dəniz minaları” xəbərdarlığı

 

İsrailin ABŞ–İran atəşkəsinə baxmayaraq Livana hücumlarını davam etdirməsi Tehranın sərt reaksiyasına səbəb olub. İranın İsraili atəşkəsi pozmaqda ittiham etməsi ilə müşayiət olunan gərginlik yaxın günlərdə ABŞ və İran nümayəndə heyətləri arasında İslamabad şəhərində keçirilməsi planlaşdırılan danışıqlara kölgə salır.

İranın “Fars” xəbər agentliyi atəşkəsdən sonra açılacağı gözlənilən Hörmüz boğazının İsrailin Livana hücumları səbəbilə bağlı qaldığını bildirib.

“Tasnim” agentliyi isə iki həftəlik atəşkəs müddətində gəmilərin İranın icazəsi olmadan boğazdan keçə bilməyəcəyini yazıb.

Rusiyanın TASS agentliyi də İran rəsmisinə istinadən boğazdan gündə maksimum 15 gəminin keçməsinə icazə veriləcəyini bildirib.

İran həmçinin bu gün Hörmüz boğazından keçməyi planlaşdıran gəmilərə “dəniz minaları ilə təmasın qarşısını almaq üçün” SEPAH ilə koordinasiya aparmağa çağırış edib və yayımladığı xəritədə istifadə olunmalı alternativ marşrutları göstərib.

 

Ödənişli keçid tələbi

 

İranın təqdim etdiyi marşrut İran sahilləri ilə Larak adası arasında yerləşir və “Lloyd's List” bu marşrutu “ödənişli keçid marşrutu” kimi qiymətləndirir.

Bütün bu hadisələr İranın boğazda tətbiq etdiyi blokadanın aradan qaldırılmayacağını və keçidlərin gələcəkdə ödənişli ola biləcəyini göstərir.

Müharibədən əvvəl Hörmüz boğazından keçidlər sərbəst idi. Tehran yeni mexanizm vasitəsilə bundan sonra keçidlərin ödənişli olacağını bildirir.

Hətta İranın bu mexanizmi artıq faktiki olaraq tətbiq etdiyi iddia olunur. Çünki boğazdan keçmək istəyən gəmilərin xüsusi keçid kodları alması və SEPAH-ın müşayiəti ilə yalnız bir nəzarət olunan dəhlizdən keçməsi tələb edilir.

 

Avropa heç bir ödənişi qəbul etmir

 

“Financial Times” qəzetinin məlumatına görə, Tehran Hörmüz boğazından keçən hər barel neft üçün kriptovalyuta ilə ödənilməsi şərti ilə bir dollar tələb edir və bununla ölkənin yenidən qurulması üçün milyonlarla dollar gəlir əldə etməyi planlaşdırır.

İran mediasında yayılan xəbərlərə görə, İran parlamentindəki bir komitə mart ayının sonunda bu keçid ödənişi sistemini təsdiqləyib.

Avropa Komissiyasının rəsmi nümayəndəsi Ənvar əl-Ənuni isə Brüsseldə verdiyi açıqlamada beynəlxalq hüququn dəniz nəqliyyatının azadlığını təmin etdiyini vurğulayıb və Avropa Birliyinin hər hansı ödənişi qəbul etməyəcəyini bildirib.

 

Hüquqşünaslar nə deyir?

 

Kiel Universitetinin dəniz hüququ üzrə eksperti Nel Matz-Lück bildirib ki, İran beynəlxalq hüquqa əsasən mülki gəmilər üçün Hörmüz boğazından pulsuz keçidi təmin etməyə borcludur.

Lüneburg Universitetinin eksperti Valentin Şatz da eyni mövqeni bölüşür və qeyd edir ki, boğazın əsas keçid marşrutu hüquqi baxımdan beynəlxalq sular hesab olunur.

Ekspert Şatz bildirib ki, hüquqi addımların atılması çətin görünür, çünki İran nə Beynəlxalq Dəniz Hüququ Məhkəməsi (ITLOS), nə də Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) yurisdiksiyasına tam şəkildə tabe olan tərəf deyil.

 

İranla koordinasiya olmadan keçid təhlükəlidirmi?

 

SEPAH Hörmüz boğazına faktiki nəzarət edir. Məhdud hərbi əməliyyatlar və ya təhdidlər belə gəmilərin hərəkətini dayandıra bilər və artıq artmış sığorta haqları ilə yanaşı enerji qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.

Müharibənin əvvəlində neft tankerleri və yük gəmiləri kamikadze pilotsuz uçuş aparatları, qanadlı raketlər və partlayıcı qayıqlar vasitəsilə hücumlara məruz qalıb. İran isə bu hücumlarda ABŞ və İsraillə əlaqəli gəmilərin hədəf alındığını bildirir.

Lakin hücum riskindən ehtiyat edən ölkələr və şirkətlər qeyri-müəyyənlik aradan qalxana qədər risk etmək istəmir.

 

Çıxış yolu nədir?

 

Ekspertlərin fikrincə, Hörmüz boğazında gəmi hərəkətinin tam bərpası regionda davamlı sülhün təmin edilməsindən asılıdır. Bu səbəbdən diqqətlər ABŞ və İran arasında Pakistan ərazisində keçirilməsi planlaşdırılan danışıqlara yönəlib.

İranın Hörmüz blokadası və bunun enerji qiymətlərinə təsiri Donald Tramp üçün həm daxili siyasətdə, həm də beynəlxalq arenada çətinlik yaradır.

Bu səbəbdən o, İranla Hörmüz boğazında ortaq layihə ideyasını da gündəmə gətirib. Donald Tramp “ABC News” telekanalına müsahibəsində ABŞ və İranın ödənişli keçid mexanizmini “birgə müəssisə” modeli ilə idarə edə biləcəyini irəli sürüb. Lakin dərhal sonra Ağ Ev boğazın dərhal və heç bir məhdudiyyət olmadan açılması ilə bağlı ayrıca açıqlama vermək məcburiyyətində qalıb.

 

NATO-dakı müttəfiqlərə ultimatum

 

Bu arada Prezident Tramp NATO müttəfiqlərinin Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində ABŞ-ni dəstəkləməsini istəyir.

Alman mediasında yayılan məlumatlara görə, Tramp Avropalı müttəfiqlərdən Hörmüzdə sabitliyin təmin olunması üçün təqdim edəcəkləri hərbi töhfələr barədə məlumat vermələrini tələb edib. ABŞ mediasında isə iddia olunur ki, gözlənilən dəstək göstərilməyəcəyi təqdirdə, o, bəzi Avropa ölkələrində yerləşdirilmiş ABŞ hərbi qüvvələrini geri çəkmək variantını nəzərdən keçirə bilər.

 





10.04.2026    çap et  çap et