10 dəqiqə ərzində 100 hədəfin vurulması ilə nəticələnən İsrailin Livana hücumunun pərdəaxrası məqamları açıqlanıb.VAXT.AZ “The Wall Street Journal” (WSJ) istinadən xəbər verir ki, “Hizbullah”a qarşı hərbi əməliyyat ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan kritik telefon danışığından sonra başlayıb.
Telefon danışıqları bitər-bitməz İsrail ordusu Livanın müxtəlif bölgələrində yerləşən fərqli nöqtələrə intensiv hava əməliyyatı həyata keçirib.
“WSJ”nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü gecə saat 01:00 radələrində İsrailin Baş naziri Netanyahuya zəng edərək İran ilə atəşkəs elan etmək üzrə olduğunu bildirib. İsrail tərəfi danışıqların son mərhələsində məlumatlandırılmasından narazılığını bildirsə də, Netanyahu Livandakı hərbi əməliyyatların davam etdirilməsi şərti ilə prosesə qoşulmağa razılıq verib.
Trampdan əməliyyat üçün təsdiq alan Netanyahu İsrail Hərbi Hava Qüvvələrinə hücum əmri verib. Təsdiqdən dərhal sonra başlayan əməliyyat zamanı Livan ərazisində yerləşən 100 strateji hədəf cəmi 10 dəqiqə ərzində məhv edilib. Bu addım Tehran tərəfindən böyük qəzəblə qarşılanıb.
2023-cü il 7 oktyabrdan bəri daha da şiddətlənən qarşıdurma prosesində Netanyahu hərbi lider obrazını ön plana çıxarsa da, ölkə daxilində tənqidlərin hədəfi olaraq qalır. İsrail müxalifətinin lideri Yair Lapid hökumətin diplomatik sülh planının olmadığını və ordunun iki il yarımdır konkret plan olmadan müharibəyə cəlb edildiyini bildirib.
Lapid qeyd edib ki, müharibənin başlanğıcında mövcud olan ictimai dəstək ölənlərin sayının artması və iqtisadi itkilərin dərinləşməsi səbəbilə azalmağa başlayıb. Netanyahu hökumətinin hərbi gücü diplomatik nailiyyətlə tamamlayə bilmədiyini bildirən müxalifət Baş nazirin indiyədək heç bir müharibəni qəti şəkildə qazanmadığını iddia edib.
Baş nazir Netanyahu Livan və “Hizbullah”ın silahsızlaşdırılması ilə bağlı birbaşa danışıqların başlanacağını elan edib. Uzunmüddətli razılaşma ilə bağlı ümidlərin aşağı olduğu bildirilir. Rəsmilər İsrailin şimal bölgələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyatların davam edə biləcəyi barədə siqnal veriblər.
çap et