Vaxt.Az

Vladiqafqazda güclü partlayış


 

Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb

Vladiqafqazda güclü partlayış Rusiyanın Vladikavkaz şəhərinin mərkəzində güclü partlayış baş verib. Hadisə yerindən qalxan qalın tüstü sütununun şəhərin müxtəlif hissələrindən göründüyü bildirilir.

VAXT.AZ Rusiya “Telegram” kanallarına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış pilotsuz uçuş aparatlarının hücumu ilə əlaqəli deyil. Yerli mənbələr hadisənin pirotexnika satılan mağazada yaranmış yanğın nəticəsində baş verdiyini ehtimal edir. Alovun mağazanın yaxınlığındakı tikinti materialları saxlanılan anbara keçməsi nəticəsində yanğın daha da güclənib.

Bildirilir ki, partlayış şəhərin Avqust hadisələri küçəsində yerləşən tikililərdən birində qeydə alınıb. Hadisə nəticəsində binanın bir hissəsi dağılıb.

Hadisə yerinin ətrafında onlarla metr məsafəyə beton plitələr və tikinti qalıqları səpələnib. Partlayışın təsiri nəticəsində yaxınlıqda park edilmiş təxminən on avtomobilə ziyan dəydiyi qeyd olunur.

İlkin məlumatlara görə, partlayış yerində aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından iki nəfər çıxarılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayış nəticəsində səkkiz nəfər xəsarət alıb.

Xilasedicilərin hadisə yerində axtarış-xilasetmə əməliyyatlarını davam etdirdiyi, dağıntılar altında başqa şəxslərin olub-olmadığının dəqiqləşdirildiyi bildirilir.

 





10.04.2026    çap et  çap et