İsrail ordusunun Baş qərargah rəisi Eyal Zamir Livan sərhədində yerləşən Bint Cubeyl bölgəsində açıqlama verərək “Hizbullah” terror təşkilatına qarşı Livan ərazisində keçirilən hərbi əməliyyatların genişləndirildiyini bildirib.
VAXT.AZ “The Jerusalem Post”a istinadən xəbər verir ki, Zamir sərhəd xəttində İsrail ordusunun bölmələri ilə görüşərək əməliyyatların gedişatını dəyərləndirib. O, İsrail ordusunun heç bir atəşkəs rejimində olmadığını, Livan ərazisində əməliyyatların Livanı ərazinin daha da dərinliyində davam etdiriləcəyini vurğulayıb.
İsrail Baş Qərargah rəisi İranla bağlı mesajlar da verərək Tehranın müharibədən əvvəlki hərbi gücünü itirdiyini iddia edib. O, İrana qarşı həyata keçirilən əməliyyatların “Hizbullah”ın mövqelərinə birbaşa təsir göstərdiyini, təşkilatın maliyyə və logistik dəstək xətlərinin zəiflədiyini bildirib.
Zamir “Hizbullah”ın Livan daxilində və regional səviyyədə getdikcə təcrid olunduğunu qeyd edib. Onun sözlərinə görə, təşkilatın silah və maliyyə təminatını həyata keçirən əsas kanallarının kəsilməsi sahədəki balansı dəyişdirib.
O, həmçinin “Hizbullah”ın Beyrutun cənubunda yerləşən “Dahiyə” bölgəsindəki mövqelərindən geri çəkildiyini, təşkilat rəhbərliyinin isə paytaxtın şimalı və digər ərazilərə yayıldığını iddia edib.
Bəyanat İsrail ordusunun son günlərdə Livanda həyata keçirdiyi və 100-dən çox hədəfin vurulduğu genişmiqyaslı hava əməliyyatlarından sonra verilib.
Zamir əməliyyatların genişləndiriləcəyini və sərhəd bölgəsində hərbi mövcudluğun gücləndiriləcəyini də qeyd edib. O, nəzarətə götürülən mövqelərin İsrailin təhlükəsizlik strategiyası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
çap et