Vaxt.Az

1 trilyonluq zərər


 

Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb

1 trilyonluq zərər Türkiyə Mərkəz Bankı (TCMB) 2025-ci il üzrə balans hesabatında 1 trilyon 65 milyard türk lirəsi (TL) (54 milyard manat) zərər açıqlayıb. Son üç ilin ümumi zərəri isə ÜDM-nin 6,3%-nə çatıb.

VAXT.AZ xəbər verir ki, TCMB-nin açıqladığı məlumata görə, 2023-cü ildə 818,2 milyard TL, 2024-cü ildə 700,4 milyard TL zərər qeydə alınıb. Beləliklə, son üç ildə ümumi zərər 2 trilyon 574 milyard TL (132 milyard manat) təşkil edib. Bu göstərici ÜDM-in 6,3%-i həcmindədir və təhsil xərcləri və investisiya təşviqlərinin ümumi həcminin təxminən iki qatına bərabərdir.

İqtisadçı Haqqı Hakan Yılmaz bildirib ki, 2023-cü ildə zərər əsasən valyuta ilə qoyulan depozitlərdən (KKM) qaynaqlanıb. 2024-cü ildə zərərin 91%-i bu mexanizmlə bağlı olub, 2025-ci ildə isə əsas səbəb Mərkəzi Bankın pul siyasəti alətlərindən yaranan institusional xərclər olub.

Ekspertin sözlərinə görə, artıq likvidliyin azaldılması üçün aparılan açıq bazar əməliyyatları, banklara və dövlət hesablarına ödənilən faizlər zərərin əsas hissəsini təşkil edib. O, yüksək inflyasiya və yüksək faiz mühitinin Mərkəzi Bankın balansına birbaşa mənfi təsir etdiyini qeyd edib.

Qeyd olunur ki, Türkiyə Mərkəzi Bankı 2023-cü ildən bəri zərər səbəbindən dövlət xəzinəsinə mənfəət transferi həyata keçirə bilmir. Əvvəlki illərdə bu transferlərin büdcə gəlirlərində əhəmiyyətli paya malik olduğu bildirilir.

Ekspertlərin qiymətləndirməsinə görə, bu vəziyyət həm büdcə gəlirlərini azaldır, həm də dövlət maliyyə sistemində əlavə təzyiq yaradır.

 





10.04.2026    çap et  çap et