ABŞ Prezidenti Donald Tramp Pakistanın paytaxtı İslamabad şəhərində aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra Hörmüz boğazı istiqamətində blokadanın tətbiq olunacağını açıqlayıb.VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, ABŞ prezidenti bazar günü verdiyi bəyanatda bildirib ki, ABŞ qüvvələri tərəfindən Hörmüz boğazında dəniz blokadasına başlanacaq. O vurğulayıb ki, ABŞ qüvvələrinə və ya mülki gəmilərə atəş açan istənilən İran elementi zərərsizləşdiriləcək.
ABŞ vitse-prezidenti Ceyms Devid Vens isə açıqlamasında ABŞ ilə İran arasında aparılan danışıqların sülh sazişi əldə olunmadan başa çatdığını bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi “mümkün olan ən yaxşı və yekun təklifi”nə baxmayaraq İran nüvə silahı hazırlamamaqla bağlı Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etməkdən imtina edib.
Məlumata görə, əsas fikir ayrılıqları arasında İranın Hörmüz boğazı üzərində nəzarət tələbi və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəməməsi məsələləri yer alıb. Bu barədə “The New York Times” qəzeti və “Axios” xəbər saytı məlumat yayıb.
İslamabad şəhərində jurnalistlərə danışan Vens qeyd edib ki, ABŞ rəsmiləri İranla aparılan danışıqlardan razılıq əldə olunmadan ayrılmağa və ölkəyə geri qayıtmağa hazırlaşırlar: “Biz son dərəcə çevik davrandıq, lakin İran Amerika şərtlərini qəbul etməməyi seçdi”.
Digər tərəfdən, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, həmçinin Tehranın İslamabaddakı nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək bildirib ki, ABŞ danışıqlar zamanı İranın etimadını qazana bilməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi isə açıqlamasında qeyd edib ki, ABŞ ilə aparılan sülh danışıqlarının uğur qazanması Vaşinqtonun “həddindən artıq” və “beynəlxalq hüquqa zidd” tələblərdən imtina etməsindən asılıdır.
çap et