ABŞ Prezidenti Donald Tramp tərəfindən Hörmüz boğazı üzərində tam dəniz blokadası planı dünyanın ən vacib enerji marşrutlarından birində artıq yaranmış böhranı daha da dərinləşdirə bilər.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, analitiklərin fikrinə görə ki, ABŞ-nin mümkün tam blokadası qalan enerji axınlarını dayandıra və Yaxın Şərqdən kənarda yerləşən iqtisadiyyatlara da ciddi zərbə vura bilər. Bu marşrut normalda dünya üzrə neft və mayeləşdirilmiş qaz tədarükünün təxminən 20%-ni təmin edir və onun pozulması qlobal bazarlar üçün ciddi risk sayılır.
ABŞ üçün nə deməkdir?
Vaşinqton böhran fonunda enerji bazarındakı vəziyyəti ABŞ neft və qaz ixracı imkanları ilə əlaqələndirməyə çalışsa da, ABŞ mənşəli xam neftin Yaxın Şərq neftinin tam alternativi olmadığı qeyd olunur.
“Reuters” xəbər verir ki, yüksək enerji qiymətləri ABŞ daxilində inflyasiyanın artmasına səbəb olur və bu, ölkə iqtisadiyyatı üçün əlavə risk yaradır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial şəbəkədə bildirib ki, blokada fonunda yanacaq qiymətləri daha da arta bilər və hazırkı qiymətlərin gələcəkdə daha yüksək səviyyələrlə müqayisədə ucuz görünə biləcəyini qeyd edib.
İran üçün nə deməkdir?
Blokada uğurla həyata keçirilərsə, bu, neft ixracından ciddi şəkildə asılı olan İran iqtisadiyyatı üçün ağır nəticələr yarada bilər.
Son həftələrdə ölkə artan neft qiymətlərindən faydalanırdı. Əvvəllər “Brent” nefti qiymətindən aşağı satılan İran nefti bəzi ABŞ istisnaları sayəsində daha yüksək qiymətlə satılmağa başlamışdı.
Ekspertlər bildirirlər ki, müharibə nəticəsində zərər görmüş iqtisadiyyatın bərpası üçün İranın yüksək neft gəlirlərinə ciddi ehtiyacı var. Müharibə başlayandan bəri yüz milyonlarla dollar dəyərində əlavə gəlir əldə olunub, lakin blokada bu gəlirləri dayandıra bilər.
Asiya ölkələri üçün nə deməkdir?
Analitiklər hesab edir ki, blokadadan ən çox zərər görə biləcək region Asiya olacaq.
“Business standard” xəbər verir ki, Asiya ölkələri enerji idxalından ciddi asılıdır və Hörmüz boğazında hər hansı məhdudiyyət regionun mövcud enerji böhranını daha da ağırlaşdıra bilər. Region ölkələri alternativ enerji mənbələri axtarmağa və istehlakı azaltmağa məcbur qalır.
Enerji bazarı üzrə ekspert Xorxe Montepek (Jorge Montepeque) bildirib ki, blokada yalnız İran üçün deyil, dünya iqtisadiyyatı üçün də ağır nəticələr yarada bilər.
Onun sözlərinə görə: “Diqqət yalnız İrana yönəlib, lakin bunun dünya üçün nə qədər baha başa gələcəyi nəzərdən qaçırılır. Ən böyük zərbəni isə Asiya və Cənubi Sakit okean regionu hiss edəcək.”
Qlobal risk artır
Ekspertlərin fikrincə, Hörmüz boğazı ətrafında gərginlik artıq qlobal enerji və ticarət sisteminə təsir göstərməyə başlayıb.
Son məlumatlara görə, ABŞ-ın blokada planları fonunda bir çox tanker şirkətləri marşrutlarını dəyişir və bəzi gəmilər boğazdan uzaqlaşmağa başlayıb.
Analitiklər bildirir ki, bu vəziyyət davam edərsə, neft qiymətlərində yeni artım dalğası və qlobal iqtisadi artımın zəifləməsi riski artır.
çap et