ABŞ prezidenti Donald Tramp İranla nüvə silahı mövzusu istisna olmaqla demək olar ki, bütün istiqamətlər üzrə razılıq əldə olunduğunu bildirərək, Tehran nüvə proqramı ilə bağlı geri addım atmasa, yekun razılaşmanın mümkün olmayacağını deyib.
VAXT.AZ “The Wall Street Journal”a istinadən xəbər verir ki, Donald Tramp “fast-food” şəbəkəsindən sifariş etdiyi yeməyin Ağ Evə çatdırılması zamanı jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.
Tramp bildirib ki, vitse-prezident Ceyms Devid Vens və onun komandası İslamabad şəhərində uğurlu danışıqlar prosesi aparıb. Onun sözlərinə görə, İran rəsmiləri ilə nüvə silahı məsələsi istisna olmaqla demək olar ki, bütün mövzularda razılıq əldə edilib.
Tramp İranla yeni razılaşmanın hələ də mümkün olduğunu vurğulayaraq, “İranla bir çox məsələdə razılaşdıq, lakin nüvə mövzusunda razılıq əldə etmədik. Amma məncə, onlar bunu da qəbul edəcəklər. Buna əminəm. İran nüvə silahına sahib ola bilməz. Əgər bunu qəbul etməsələr, razılaşma olmayacaq”, – deyib.
ABŞ prezidenti həmçinin iddia edib ki, İran rəsmiləri bu səhər Vaşinqtonla əlaqə saxlayaraq razılaşma əldə etmək istədiklərini bildiriblər. Lakin o, kimlərlə danışıq aparıldığına dair detalları açıqlamayıb.
Donald Tramp İranın Hörmüz boğazı vasitəsilə “dünyaya şantaj etdiyini” iddia edib: “İranlılar dünyanı şantajla təhdid edir, buna imkan verə bilmərik”, – deyə ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası nəticəsində Hörmüz boğazının İran tərəfindən təzyiq vasitəsi kimi istifadəsinin qarşısı alınır. O əlavə edib ki, Vaşinqton bu siyasəti davam etdirmək üçün bütün zəruri imkanlara malikdir.
ABŞ prezidenti həmçinin Hörmüz boğazı məsələsində başqa ölkələrin köməyinə ehtiyac duymadıqlarını, lakin onlara təqdim olunan yardım təkliflərini qəbul etdiklərini bildirib. O, hansı ölkələrin ABŞ-yə dəstək verəcəyinə dair məlumatın sabah açıqlana biləcəyini qeyd edib.
Tramp ABŞ-nin İran limanlarına qarşı blokadasının artıq başladığını xatırladaraq, “hazırda İran limanlarına qarşı blokada tətbiq olunur. İran hazırda faktiki olaraq heç bir kommersiya fəaliyyəti həyata keçirmir və biz bu vəziyyəti asanlıqla davam etdirəcəyik”, – deyə bildirib.
ABŞ prezidenti əlavə edib ki, İran gündəmindən sonra diqqət Kuba məsələsinə yönəldilə bilər.
“Kuba fərqli hekayədir. Orası illərdir çox pis idarə olunur. İrandan sonra ora baxa bilərik”, — deyə Tramp bildirib.
Digər tərəfdən, Donald Tramp sosial media hesabında paylaşım edərək Hörmüz boğazındakı son vəziyyətlə bağlı məlumat verib. O bildirib ki, ötən gün boğazdan 34 gəmi keçib və bu göstərici boğazın bağlanması ilə bağlı proses başlayandan bəri ən yüksək rəqəm olub.
çap et