Vaxt.Az

Hədəf 16 idi, nəticə 14 oldu


 

Hesablama Palatasının hesabatı MM-də müzakirə olundu

Hədəf 16 idi, nəticə 14 oldu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olundu. Müzakirə zamanı qeyd etdim ki, monitorinq göstəricilərində ənənəvi istiqamətlər üzrə hədəflərə nail olunsa da daha innovativ sahələrdə hədəflər reallaşmayıb. Səmərəlilik auditlərinin ümumi audit portfelində payı 15 faizdən çox hədəflənsə də, 14.0 faiz nəticə əldə edilib. Çox vacib istiqamətlərdən olan İS auditinin elementləri tətbiq edilən auditin ümumi audit portfelində payı 16.0 faizdən çox hədəflənsə də, nəticə 14.0 faiz olub.

Monitorinq göstəriciləri ilə bağlı cədvəldə daha məqsədəuyğun olardı ki, ayrıca bir bölmədə nail olunmayan hədəflər üzrə səbəblər ayrıca göstərilsin. Eyni zamanda, istifadə edilən bütün abreviatur və akronimlərin açılışı verilməyib. Məsələn, İS audit mətndə qeyd edilsə də onun açılışı verilmir.

Səmərəlilik aduitinin sayının artırılması prioritet olaraq qalmaqdadır. INTOSAI, qənaət, səmərəlilik və effektivlik prinsiplərinə uyğun olaraq bu auditin payının artırılması tövsiyə edir. Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdiriblər. Məsələn, Çexiyada bu göstərici artıq 29.1 faizdir.

Palata hesabatda 5 illik fəaliyyət hesabatı da təqdim edib. Bu müsbət haldır. Daha yaxşı olardı ki, palata audit nəticələrinə uyğun olaraq həmin müddətdə təkrarlanan pozuntu və təhrif hallarını və eləcə də irəliləyiş olan istiqamətləri də ayrıca təqdim edərdi.

Hesabatda qeyd olunduğu kimi audit və analitik fəaliyyətlər üzrə aşkar edilmiş pozuntuların içərisində büdcə qanunvericiliyinin pozulması halları 51.6 faiz olub. 2024-cü ildə bu rəqəm 45.1 faiz idi. Yəni, 2025-ci ildə büdcə qanunvericiliyi hallarında faiz ifadəsində artım var. Büdcə qanunvericiliyin təkmilləşdirildiyini və rəqəmsallaşmanın genişləndirildiyi halda bunun səbəbləri nədir?

2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərərin məbləği əvvəlki il ilə müqayisədə 50 faizdən çox artaraq 170.4 milyon manat olub. Bir il ərzində büdcəyə zərərinin məbləğinin 50 faiz artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Eyni zamanda, Hesablama Palatası tərəfindən 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 faizinin bərpası ilə bağlı qərar qəbul edilsə də bu göstərici 2025-ci ildə 60 faiz olub. Yəni, büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?

Əgər 2024-cü ildə cəmi 8.7 milyon manat hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdirsə bu göstərici 2025-ci ildə 40.3 milyon manat olub. Yəni, əvvəlki il ilə müqayisədə Hesablama Palatasının hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal etdiyi məbləğ 4.6 dəfə artıb. Bu isə, büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi baxımdan ciddi siqnaldır.

Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analitik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır.

Maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin məbləğində əvvəlki il ilə müqayisədə kəskin azalmalar var. Bu təbii ki, müsbət haldır. Bununla yanaşı, büdcə qanunvericiliyi pozulması halları yüksək rəqəm ilə ifadə olunursa bir il ərzində maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin 68 faiz, maliyyə hesabatlarında digər qrupa aid edilən təhriflərin 6.3 dəfə azalması nə ilə bağlıdır?

 





14.04.2026    çap et  çap et