İki mərtəbəli təyyarə oturacağı konsepti yenidən gündəmə gəlib. Bu dəfə dizayner Alexandro Nunez Visente onu son, qəti və ən mükəmməl versiya kimi təqdim edir.
VAXT.AZ CNN-ə istinadən xəbər veririk, ilk dəfə 2020-ci ildə universitet layihəsi kimi ortaya çıxan, 2022-ci ildə isə ilkin prototip şəklində göstərilən “Şezlong” konsepti” (“Chaise Longue” – uzanmaq üçün oturacaq) adlı bu iki səviyyəli oturacaq dizaynı son illərdə sosial mediada böyük rezonans doğurub. Layihə həm memlərdə, həm də müxtəlif televiziya proqramlarında və internet müzakirələrində geniş müzakirələrə səbəb olub.
Dizayner Alexandro Visente isə bu ideyanın sadəcə internet zarafatı olmadığını, bunun onun karyerasının əsas layihəsi olduğunu bildirir.
İki səviyyəli oturacaq necə işləyir?
“Şezlong konsepti” təyyarə salonundakı üst baqaj bölməsinin (overhead cabin) ləğv edilərək onun yerində iki mərtəbəli oturacaq sistemi qurulmasını nəzərdə tutur. Yuxarı və aşağı səviyyəli oturacaqlarda sərnişinlərin daha çox rahatlıq və ayaq uzatmaq imkanı əldə etməsi planlaşdırılır.
Bununla belə, bəzi sərnişinlər dizaynın sıxlıq və klaustrofobiya yarada biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Dizayner isə layihənin məqsədinin sərnişin sayını artırmaq deyil, uçuş komfortunu yüksəltmək olduğunu vurğulayır. Bununla yanaşı, o, bəzi aviaşirkətlərin bu dizaynı daha çox sərnişin yerləşdirmək üçün istifadə edə biləcəyini də istisna etmir.
Visente layihəni həyat və biznes ortağı “Clara Service Soto” ilə birlikdə inkişaf etdirir və son illərdə aviaşirkət rəhbərləri ilə mütəmadi görüşlər keçirdiklərini bildirir.

Yeni versiyada dəyişikliklər
Dizaynerin sözlərinə görə, yeni təqdim olunan maket əvvəlkilərlə müqayisədə daha inkişaf etmiş formadadır.
O qeyd edir ki, əvvəlki modellərdə aşağı mərtəbə daha dar və sıx idi, lakin yeni versiyada bu problem aradan qaldırılıb və sərnişinlər üçün daha geniş sahə yaradılıb.
Yeni dizaynda həmçinin şəxsi məkanın qorunması üçün əlavə panellər də nəzərdə tutulub. Bu panellər yuxarı mərtəbədə oturan sərnişinlərin aşağıdakı sərnişinlərlə birbaşa təmas ehtimalını azaldır.
Eyni zamanda, əlilliyi olan sərnişinlər üçün də xüsusi yerlərin ayrılması planlaşdırılır. Layihədə bəzi yerlərin əlil arabasında olan sərnişinlər üçün uyğunlaşdırılması da nəzərdən keçirilir.
Komfort və biznes sinfi istiqaməti
Layihənin ilkin məqsədi daha ucuz və rahat uçuş təcrübəsi yaratmaq olsa da, son versiyada bu yanaşma dəyişib.
Dizayner etiraf edir ki, aviaşirkətlərlə aparılan müzakirələr nəticəsində konsept daha çox “premium economy” sinfinə yönəlib.
Onun sözlərinə görə, aviaşirkətlər əsasən iqtisadi sinifdə böyük dəyişikliklər etməkdə maraqlı deyil və innovasiyalar daha çox premium seqmentdə həyata keçirilir.
Bununla belə, o, bu dizaynın gələcəkdə daha geniş auditoriyaya yayıla biləcəyinə ümid etdiyini bildirir.

Reallıq və gələcək perspektiv
Hazırda heç bir aviaşirkət bu oturacaq sistemini rəsmi olaraq tətbiq etməyib. Layihənin kommersiya uçuşlarında istifadəsi üçün ciddi texniki və təhlükəsizlik sertifikatlaşdırma proseslərindən keçməsi lazımdır.
Buna görə də “Şezlong konsepti” oturacaqlarının yaxın zamanda real təyyarələrdə istifadəyə verilməsi gözlənilmir.
Bununla belə, “Airbus” nümayəndələrinin layihə ilə bağlı ilkin mərhələdə maraq göstərdiyi bildirilir.
Dizayner isə ümid edir ki, gələcəkdə keçiriləcək aviasiya sərgilərində layihə üçün tərəfdaş tapıla bilər və hətta ilkin istehsal mərhələsinə keçmək mümkün olar.
Hazırda Visente bir neçə fərqli layihə üzərində işlədiyini, lakin bu konseptin onun ən böyük işi olduğunu bildirir.
O, həm sosial mediada, həm də peşəkar dairələrdə gələn tənqidləri izlədiyini və layihəni inkişaf etdirmək üçün konstruktiv rəyləri nəzərə aldığını deyir.
çap et