İran atəşkəs dövründən istifadə edərək yeraltı raket bazalarına aparan tunellərin girişlərini bərpa etməyə başlayıb. Peyk görüntülərinə əsaslanan məlumatlar göstərir ki, ABŞ və İsrailin əvvəlki zərbələri nəticəsində bağlanmış girişlərdə dağıntılar təmizlənir və yollar yenidən istifadəyə hazırlanır.
VAXT.AZ xəbər verir ki, bu barədə ilk olaraq CNN tərəfindən peyk materiallarına istinadla məlumat yayılıb.
Görüntülərdə ağır texnikanın tunel girişlərində torpaq və beton qalıqlarını təmizlədiyi, bloklanmış girişlərin yenidən açıldığı müşahidə olunur. ABŞ və İsrailin əvvəlki hücumları məhz bu girişləri hədəf almışdı. Məqsəd mobil raket buraxılış qurğularının tunellərdən çıxmasını və ya yenidən doldurulmaq üçün geri qayıtmasını çətinləşdirmək idi. Hərbi analitiklər hesab edir ki, girişlərin bağlanması bu sistemlərin tam məhv edilməsindən daha sürətli və effektiv taktika kimi istifadə olunub.
“Reuters” yazır ki, münaqişə zamanı İranın raket arsenalının yalnız bir hissəsinin tam məhv edildiyi təsdiqlənib. Mənbələrin qiymətləndirməsinə görə, arsenalın təxminən üçdə biri sıradan çıxarılıb, lakin digər hissə ya zədələnmiş vəziyyətdədir, ya da tunellər altında müvəqqəti bloklanıb. Bu isə o deməkdir ki, girişlərin bərpası ilə həmin sistemlərin yenidən istifadəyə qaytarılması ehtimalı yüksək olaraq qalır.
Hazırda aparılan tunel təmizləmə işləri İranın illərdir qurduğu yeraltı hərbi infrastruktur qeyri-rəsmi olaraq “raket şəhərləri” adlandırılır və əsas məqsədi ilk zərbələri udmaq, daha sonra isə qısa müddətdə fəaliyyət qabiliyyətini bərpa etməkdir. Əvvəlki peyk müşahidələri göstərib ki, Tehran belə obyektləri yalnız qorumaqla kifayətlənmir, həm də zərbələrdən sonra onları sürətlə bərpa etmək üçün əlavə mühəndis gücləndirmələri aparır.
Analitiklər hesab edir ki, hazırkı fəaliyyətlər birbaşa eskalasiya kimi qiymətləndirilməsə də, münaqişənin tam başa çatmadığını açıq şəkildə göstərir. Atəşkəs Tehran üçün texniki baxımdan bərpa mərhələsi rolunu oynayır və mobil buraxılış qurğularının yenidən hərəkət qabiliyyətinin bərpası gələcək toqquşmalar zamanı sürətli zərbə potensialını qoruyub saxlamağa imkan verə bilər.
Tunellərin yenidən açılması faktı atəşkəsin kövrəkliyini göstərən əsas indikatorlardan biri hesab olunur. Çünki hərbi balansın əsas elementləri tam məhv edilmədiyi halda, tərəflər arasında gərginliyin yenidən artması ehtimalı yüksək olaraq qalacaq. Bu baxımdan hazırkı proses eskalasiyanın başlanğıcı deyil, mümkün yeni mərhələyə hazırlıq kimi qiymətləndirilir.
çap et