Qlobal neft bazarlarında qiymətlər Yaxın Şərqdə artan diplomatik fəallıqla əlaqədar enişə keçib. ABŞ və İran arasında mümkün yeni danışıqlar və bölgədə gərginliyin azala biləcəyi gözləntiləri bazarlarda satış təzyiqi yaradıb.VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-da may fyuçersləri üzrə xam neft 0,88% ucuzlaşaraq 90,4 dollar səviyyəsinə düşüb. Brent neftinin isə qiyməti 0,31% enərək 94,47 dollar olub.
ABŞ rəsmiləri Vaşinqton və Tehran arasında ikinci raund danışıqların gündəmdə olduğunu açıqlayıb. Rəsmi tarix təsdiqlənməsə də, tərəflər arasında diplomatik kanalların yenidən aktivləşməsi bazarlarda risk ehtimalının azalmasına səbəb olub.
ABŞ Prezidenti Donald Tramp danışıqların yaxın günlərdə İslamabadda keçirilə biləcəyini bildirib. Bu açıqlama əvvəlki Avropa ehtimallarını dəyişərək prosesə dair qeyri-müəyyənliyi artırsa da, ümumi olaraq gərginlik riskini aşağı salıb.
Diplomatik fəallığın artması, bölgədə iki həftəlik atəşkəsin başa çatmasına yaxın dövrdə baş verir. Bu isə enerji bazarlarında ehtiyatlı optimizmi gücləndirir.
Beynəlxalq Enerji Agentliyi (IEA) Hörmüz Boğazından keçən neft axınının qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. Agentlik, axının bərpasının qlobal iqtisadi təzyiqləri azaldacaq əsas faktor olduğunu qeyd edib.
“Goldman Sachs”ın məlumatına görə, hazırda boğazdan keçən neft axını normanın təxminən 10 faizi səviyyəsindədir və gündəlik 2,1 milyon barel civarında dəyişir.
Məlumatlara görə, gərginliyə baxmayaraq ilkin proqnoz edilən miqyasda ciddi istehsal dayanması qeydə alınmayıb. Bazarda mövcud olan artıq ehtiyat və tankerlərdəki yığılmış neft qlobal təchizatın balanslanmasına kömək edir.
“Goldman Sachs” Bəsrə körfəzində gündəlik itkinin 8 milyon barel civarında olduğunu hesablayıb.
çap et