Vaxt.Az

İranda parçalanma


 

ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?

İranda parçalanma Vaşinqtonla anlaşmağa çalışan elita qrupunun cəhdləri fonunda İran rəhbərliyində böhran daha da dərinləşir. Parlamentin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf qapalı görüşdə sazişin əleyhdarlarını sərt tənqid edib.

VAXT.AZ xəbər verir ki, tənqid hədəfində Ali Milli Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili və deputat Əmir-Hüseyn Sabeti olub. Qalibaf bildirib ki, onlar nəzarətdən çıxmış silahlı dəstə kimi hərəkət edir, ölkəni tam iflasa aparır və dialoqu pozmaq üçün dövlət mediasından istifadə edirlər.

Parlament sədri həm öz postu, həm də xarici işlər naziri Abbas Araqçının siyasi gələcəyi ilə bağlı ciddi narahatdır. Bunun üçün kifayət qədər əsas var.

Həftəsonu ərəfəsində Araqçı Tramp administrasiyasına siqnal göndərməyə çalışaraq Hörmüz boğazının açıldığını elan etmişdi. Cəmi bir gün sonra isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) katerləri həmin ərazidə kommersiya gəmilərinə atəş açdı.

SEPAH-ın dəniz rabitəsi üzrə zabiti radio əlaqəsində boğazın yenidən bağlandığını elan edib və xarici işlər nazirini “tvit yazan idiot” adlandırıb. Bundan dərhal sonra mühafizəkar media və deputatlar nazirin təcili istefasını tələb ediblər.

Əli Xameneinin ölümündən və hakimiyyətin formal olaraq onun oğlu Müctəbaya verilməsindən sonra - hansı ki, o, indiyədək ictimaiyyət qarşısına çıxmayıb – İranda idarəetmə sistemi ciddi çat verib.

Tehran vahid qərarvermə mərkəzini itirir. Praqmatik qüvvələr təcriddən çıxış yollarını tapmağa və ABŞ ilə saziş vasitəsilə təzyiqi yumşaltmağa çalışırlar. Lakin real güc yenə də SEPAH-ın əlində qalır.

Hörmüz boğazındakı insident vəziyyətə əslində kimin nəzarət etdiyini açıq göstərir. Hərbçilər təkcə hökumətin diplomatik addımlarını bloklamırlar, həm də profil nazirləri açıq şəkildə alçaldır və oyunun qaydalarını özləri diktə edirlər.

Əgər radikal qanad Qalibafı və Araqçını kənarlaşdıra bilsə, İran istənilən danışıqlardan tamamilə üz döndərəcək. Yaxın Şərqdə mövcud qarşıdurma şəraitində bu, gərginliyin qaçılmaz şəkildə artması və daha sərt güc qarşıdurmasına keçid demək olacaq.

 





20.04.2026    çap et  çap et