Vaxt.Az

Avropada zəhərli uşaq qidası panikası


 

Azərbaycanda da məşhur markanın məhsulları üç ölkədə geri çağırıldı

Avropada zəhərli uşaq qidası panikası Avropada HiPP markalı uşaq qidalarına siçan zəhəri qatılması ehtimalı ilə bağlı ciddi təhlükə yaranıb. Şirkət bir neçə qabda zəhər izlərinin aşkarlanmasından sonra üç Avropa ölkəsində məhsullarını satışdan geri çağırıb.

VAXT.AZ “Deutsche Welle”yə istinadən xəbər verir ki, Avstriya, Çexiya və Slovakiya polis orqanları uşaq qidalarına qəsdən siçan zəhəri qatdığı ehtimal edilən şübhəli şəxsin axtarışına başlayıb.

Şirkət ilk olaraq Avstriyada satılan məhsullarda zəhər izlərinin aşkar edildiyini bildirib. Bundan sonra HiPP məhsulları Avstriyada “SPAR supermarket” şəbəkəsində satılan bütün şüşə qablar üzrə geri çağırılıb.

Şirkətin sözçüsü Klemens Preysinq bildirib ki, zəhərli qablar Çexiya və Slovakiyada da aşkar edilib. Bu səbəbdən ehtiyat tədbiri olaraq həmin ölkələrdə də bütün məhsullar satışdan çıxarılıb.

Şirkət valideynləri xəbərdar edərək bildirib ki, belə məhsullardan bir qabın belə istifadə edilməsi həyat üçün ciddi təhlükə yarada bilər. Eyni zamanda qeyd olunub ki, məhsulu geri qaytaran müştərilərə alış qəbzi təqdim edilmədən tam pul geri ödəniləcək.

Polis valideynlərə aldıqları məhsulları diqqətlə yoxlamağı tövsiyə edib. Xüsusilə cırılmış etiket, zədələnmiş qapaq və ya qablaşdırmada hər hansı müdaxilə izi potensial risk əlaməti kimi qiymətləndirilir.

Şirkət hadisəni şantaj cəhdi kimi qiymətləndirir

Avstriya rəsmiləri bildiriblər ki, hadisənin qida istehsalı prosesi ilə bağlı olmadığı ehtimal edilir və şirkətin şantaja məruz qaldığı düşünülür.

120 ildən artıq tarixə malik olan və Bavariya bölgəsində yaradılan, hazırda isə qərargahı İsveçrə ərazisində yerləşən HiPP şirkətinin sözçüsü bildirib ki, hadisə “xarici müdaxilə” nəticəsində baş verib və istehsal prosesinin keyfiyyəti ilə əlaqəli deyil.

Avstriyanın səhiyyə qurumları bildirib ki, belə zəhərlənmə hallarında uşaqlarda diş əti qanaması, burun qanaması, səbəbsiz göyərmələr və ya nəcisdə qan müşahidə oluna bilər.

Rəsmilər qeyd edib ki, bu simptomlar zəhərin qəbulundan 2–5 gün sonra ortaya çıxa bilər və belə hallarda dərhal xəstəxanaya müraciət edilməlidir.

 





20.04.2026    çap et  çap et