ABŞ və İran arasında artan gərginlik fonunda Hörmüz boğazı ətrafında vəziyyət mürəkkəb olaraq qalır. İranın gəmi keçidlərini məhdudlaşdırmaq üçün boğaza dəniz minaları yerləşdirə biləcəyi barədə açıqlamaları beynəlxalq narahatlığı daha da artırıb.
VAXT.AZ “Deutsche Welle”yə istinadən xəbər verir ki, İranla münaqişə başlayandan bəri faktiki olaraq qismən bağlanan Hörmüz boğazında gərginlik davam edir. ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına tətbiq etdiyi blokada çərçivəsində İran bayrağı altında üzən yük gəmisinə atəş açaraq onu ələ keçirməsi vəziyyəti daha da gərginləşdirib. Bildirilir ki, son 12 saat ərzində boğazdan cəmi üç gəmi keçə bilib.
Qlobal ticarət üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik azadlığının bərpası bir çox ölkə üçün həyati məsələ hesab olunur. Bu məqsədlə Paris şəhərində təxminən 50 ölkənin nümayəndəsinin iştirakı ilə beynəlxalq görüş keçirilib. Görüşdə münaqişədən sonra boğazın təhlükəsizliyinin təmin edilməsi üçün çoxmillətli missiyanın yaradılması məsələsində razılıq əldə olunduğu bildirilir. Kansler Fridrix Merz bildirib ki, Almaniya ordusu qüvvələri bu çərçivədə mina təmizləmə və dəniz kəşfiyyatı əməliyyatlarında iştirak edə bilər.
Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə keçirilən görüşlər davam edərkən İran əvvəlcə atəşkəs müddətində boğazın açıq saxlanacağını açıqlasa da, daha sonra ABŞ blokadasının davam etməsini əsas gətirərək Hörmüz boğazını yenidən bağladığını bəyan edib.
Mütəxəssislər bildirirlər ki, boğazın açıq və ya bağlı olmasından asılı olmayaraq, Fars körfəzi və ətraf sular ticarət gəmiləri üçün təhlükəli olaraq qalır. Təhlükələr yalnız hərbi hücumlarla məhdudlaşmır, eyni zamanda suyun altında gizlədilə bilən dəniz minaları da ciddi risk hesab olunur. Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) aprel ayının əvvəlində Hörmüz boğazında mina yerləşdirilə biləcəyini açıqlamışdı.
Dəniz minaları ilk dəfə geniş şəkildə Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi dövrlərində istifadə olunub. O dövrdə minalar əsasən sadə mexanizmlə işləyirdi. Metal kürə suyun altında sabitlənir, gəmi həmin çıxıntıya toxunduqda partlayış baş verirdi. Müasir minalar isə daha mürəkkəb texnologiyalarla işləyir. Onlar təzyiq dalğaları, elektromaqnit siqnalları və ya akustik – yəni səs dalğaları vasitəsilə aktivləşə bilir. Hər bir gəmi növünün özünəməxsus elektromaqnit və akustik izi olduğu üçün minalar müəyyən gəmi növlərinə reaksiya verəcək şəkildə proqramlaşdırıla bilir.
Mütəxəssislər bildirirlər ki, dənizdə mina axtarışı və zərərsizləşdirilməsi çox uzun və çətin proses hesab olunur. “Mina ovu” adlandırılan bu əməliyyat zamanı əvvəlcə şübhəli obyekt aşkar edilir, daha sonra onun mina olub-olmaması müəyyənləşdirilir. Təhlükəli obyekt aşkar edildikdə isə onun çıxarılması, su altında zərərsizləşdirilməsi və ya nəzarətli şəkildə partladılması barədə qərar verilir. Bu əməliyyatlar adətən xüsusi hazırlıq keçmiş sualtı partlayıcı zərərsizləşdirmə qrupları tərəfindən həyata keçirilir.
Son illərdə mina təmizləmə əməliyyatlarında sualtı dronlardan geniş istifadə olunmağa başlanıb. Bu dronlar əvvəlcə dəniz dibini skan edir, əldə edilən görüntülər mütəxəssislər tərəfindən analiz olunur və mina olduğu təsdiqləndikdən sonra zərərsizləşdirilir. Bununla belə, mütəxəssislər bildirirlər ki, müharibədən sonra mina təmizləmə prosesi onilliklər davam edə bilər. Bəzi bölgələrdə bu gün də Birinci və İkinci Dünya müharibələrindən qalan minaların aşkar edilməsi bu prosesin nə qədər uzun çəkə biləcəyini göstərir.
Ekspertlər qeyd edir ki, sualtı dronların istifadəsi üçün onların fəaliyyət zonası əməliyyat aparan gəmilərə yaxın olmalıdır. Lakin Hörmüz boğazı kimi yüksək riskli ərazilərdə bu, çətin hesab olunur. Bunun əsas səbəblərindən biri İranın uzaqmənzilli raket imkanlarıdır ki, bu da mina təmizləmə əməliyyatlarında iştirak edən şəxsi heyət üçün əlavə təhlükə yaradır.
çap et