Vaxt.Az

Ağ Evdən İŞİD açıqlaması


 

«ABŞ təhlükəsizliyin tək qarantı ola bilməz»

Ağ Evdən İŞİD açıqlaması Amerika Birləşmiş Ştatları rəhbərliyi İraqa quru qoşunları göndərməyəcək. Bunu Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib. Onun sözlərinə görə, İraq hökuməti Vaşinqtona radikal qruplaşmalarla mübarizədə yardım üçün müraciət edərək, ABŞ-dan «İraq Şam İslam Dövləti» qruplaşmasının mövqelərinə hava zərbələri endirməyi xahiş edib.


«Biz buna milli təhlükəsizliyimizlə bağlı maraqlarımızın prizmasından baxırıq. Prezidentimiz də İraqa hərbi hissələrin göndərilməsindən başqa heç bir variantı istisna etmir. O, həmişə belə bir mövqeyi müdafiə edib ki, ABŞ ali baş komandanın lazım bildiyi məqamda özünün milli təhlükəsizliyi ilə bağlı maraqlarının müdafiəsinə qalxmaq hüququnu qoruyub saxlayır» - deyə, Cey Karni bildirib.

Ağ Evin rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatların birbaşa hərbi əməliyyatlarda iştirakı İraqın problemlərini həll etməyəcək. « Amerika Birləşmiş Ştatları İraqdakı təhlükəsizliyin tək qarantı ola bilməz «, - Cey Karni belə deyib.

Daha əvvəl ABŞ-ın müdafiə naziri Çak Heyqel bildirmişdi ki, İraqdakı vəziyyətə görə məsuliyyəti ABŞ-ın üzərinə yıxmaq lazım deyil, çünki İraqın hazırkı hökuməti öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və sünnilərlə və kürdlərlə əməkdaşlıq etməyib.

 





19.06.2014    çap et  çap et