Vaxt.Az

”Biz qocalmırıq, yetişirik”


 

Pablo Pikassonun aforizmləri

”Biz qocalmırıq, yetişirik” VAXT.AZ məşhur ispan rəssamı və heykəltəraşı Pablo Pikassonun aforizmlərini təqdim edir.

“Yaxşı rəssamlar təqlid edir, dahilər isə Tanrıdan oğurlayır”.

***

“Sənətşünaslar bir yerə toplaşanda forma, məna, struktur, rəssamlar bir yerə toplaşanda ucuz boyanı hardan almaq barədə danışır”.

***

“Mənə ayaqqabı verin, ondan insan rəsmi yaradım”.

***

“Bu gün dünya çox mənasızlaşıb. Belə olan halda niyə axı mən mənalı rəsmlər çəkməliyəm”.

***

“Təxəyyülə gələ bilən nə varsa, realdır”.

***

“İnsanlar arasında da oxşar orijinaldan çoxdur”.

***

“İlham pərisi mövcuddur, sadəcə, gərək səni iş başında yaxalasın”.

***

“Əsl rəssam Rembrandt, Cottodur, mən, sadəcə, klounam. Gələcək, əyilməyi bacaranlarındır”.

***

”Biz qocalmırıq, yetişirik”.

***

“Sənəti biznesə çevirənlərin böyük əksəriyyəti dələduzlardır”.

***

“Mən Rafael kimi çəkə bilərəm, amma balaca uşaq kimi çəkmək üçün gərək bir ömür öyrənim”.

***

“Mənə muzey verin, içini ağzınacan özüm dolduracam”.

***

“Mən bütün yaşantılarımı fırça vasitəsilə insanlara ötürmək üçün yaranmışam”.

***

“Hər bir uşaq rəssamdır. Çətini uşaqlıq yaşından çıxandan sonra da rəssam kimi qalmağı bacarmaqdır”.

***

“Yalnız ölən gününüzəcən bitirmək istəmədiyiniz işi sabaha saxlayın. Hərəkətdə olmaq uğura aparan yeganə yoldur”.

***

“Mən əşyaları gördüyüm yox, düşündüyüm kimi təsvir edirəm”.

***

“Həyatımı yaxşı pulu olan kasıb insan kimi yaşamaq istəyirəm”.

***

“Əgər sevməyə adam olmasaydı, qapı cəftəsinə vurulardım”.

***

“İncəsənət – ruhumuzdan gündəlik həyatın tozunu silir”.

***

“Təsviri sənət – sadəcə, gündəlik tutmağın başqa bir üsuludur”.

***

“Fili, zürafəni, pişiyi yaradan Tanrı da eynilə bizim kimi rəssamdır. O, xüsusi üslubu olmasa da, yeni ideyalara əsaslanır”.

***

“Yalnız işləyəndə dincəlirəm, bekar qalanda, yaxud qonaq qəbul eləyəndə yoruluram”.

***

“İnsanın sifətini hansı daha dəqiq görür: fotoqraf, rəssam, yoxsa güzgü?”

***

“Yaşlaşdıqca küləyin sürəti də artır. Özü də həmişə sifətə vurur”.

***

“40 yaş elə bir dönəmdir ki, nəhayət, özünü cavan hiss eləməyə başlayırsan. Amma artıq çox gecdir”.

***

“Bir rəsmimin də sahibi özüm deyiləm. Çünki Pikassonun orijinal əsəri bir necə min dollaradır. Bu dəbdəbəni özümə rəva görə bilmərəm”.

***

“Gəncliyin yaşı yoxdur”.

***

“Yaxşı başlanğıcdan pis heç nə yoxdur”.

***

“Kompüterin faydası azdır – yalnız cavab verməyi bacarır”.

***

“Mən axtarmıram. Mən tapıram”.

***

“Uğurla ehtiyatlı davranmalısan. Belə ki, bu zaman sən artıq özünü təqlid etməyə başlayırsan. Bu, başqalarını təqlid etməkdən daha təhlükəlidir, nəticədə sonsuzluğa gətirib çıxarır”.

***

“Yaxşı zövq – yaradıcılığın qatı düşmənidir”.

***

“Hər bir yaradıcılıq aktı, əslində, dağıdıcılıq aktıdır”.

***

“Anam deyirdi ki, əgər əsgərliyi seçsən general, rahibliyi seçsən, papa olacaqsan. Mən rəssamlığı seçdim və Pikasso oldum”.

***

“Böyük şairlər təqlid edib yaxşılaşdırır, dayaz şairlər oğurlayıb ucuzlaşdırır”.

 





16.02.2026    çap et  çap et