Vaxt.Az

Tehran Vaşinqtona “Hörmüz təzyiqini” artırır


 

Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir

Tehran Vaşinqtona “Hörmüz təzyiqini” artırır Hörmüz boğazı ətrafında gərginlik davam etdiyi bir vaxtda Tehran rəhbərliyinin bu strateji su yoluna nəzarət imkanlarından istifadə edərək Vaşinqton üzərində təzyiq yaratmağa çalışdığı bildirilir. Körfəz ölkələri isə ABŞ və İran arasında mümkün ikinci mərhələ danışıqlarının Tehranın Hörmüz boğazı üzərində təsir imkanlarını daha da gücləndirə biləcəyindən narahat olduqlarını ifadə edir.

VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, danışıqlarda əsas müzakirə mövzuları kimi Hörmüz boğazındakı böhran və İranın uran zənginləşdirmə proqramı əsas müzakirə mövzusudur. İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) boğazda gəmi hərəkətini demək olar ki, dayanma nöqtəsinə çatdırması səbəbindən İranın ballistik raket proqramı və regiondakı şiə qruplarına dəstəyi kimi məsələlər müzakirələrin ikinci planına keçib.

ABŞ və İran arasında İslamabadda keçirilən ilk danışıqlar raundunda razılıq əldə olunmadıqdan sonra Vaşinqtonun Hörmüz boğazına qarşı blokada tətbiq etdi. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf blokada aradan qaldırılmadan ABŞ ilə danışıqlar aparılmayacağını bəyan edib. İki ölkə arasında növbəti görüşün konkret vaxtı isə hələ açıqlanmayıb.

Adlarının açıqlanmasını istəməyən Körfəz ölkələri rəsmiləri “Reuters”ə verdikləri açıqlamalarda Ağ Ev administrasiyasının danışıqlarda irəliləyiş əldə etmək məqsədilə Tehranın Hörmüz boğazı üzərindəki təsirini qəbul edə biləcəyindən ehtiyat etdiklərini bildiriblər. Mənbələrdən biri qeyd edib ki, Hörmüz boğazı artıq region üçün “qırmızı xəttə” çevrilib və əvvəllər problem hesab olunmayan məsələlər indi ciddi təhlükə kimi qiymətləndirilir.

Digər tərəfdən, İran rəhbərliyi ABŞ və İsrailin uran zənginləşdirmə fəaliyyətinin dayandırılması ilə bağlı tələblərini əvvəldən rədd edir. Tehran həmçinin uran ehtiyatlarının ölkə xaricinə çıxarılması təklifinə də müsbət yanaşmır. ABŞ və İsrailin hücumları ilə başlanan münaqişə fonunda Amerika mediasında uranın İran ərazisindən çıxarılması məqsədilə xüsusi təyinatlı qüvvələrin göndərilə biləcəyi barədə məlumatlar yayılsa da, Vaşinqton rəsmi şəkildə quru əməliyyatına başlanacağı ilə bağlı açıqlama verməyib.

TASS isə xəbər verir ki, Dmitri Medvedev də aprelin 8-də sosial şəbəkədə etdiyi paylaşımda Hörmüz boğazını “İranın nüvə silahı” adlandıraraq bu su yoluna nəzarətin danışıqlarda əsas rıçaqlardan biri olduğunu vurğulayıb. İranlı rəsmilərdən biri isə Hörmüz boğazını “İran coğrafiyasında yerləşən qiymətsiz xəzinə” kimi xarakterizə edərək, boğazın bağlanmasını nəzərdə tutan ssenarilərin illər boyu planlaşdırıldığını və bunun Tehranın ən güclü çəkindirici vasitələrindən birinə çevrildiyini bildirib.

SEPAH-a yaxın mənbələr də Hörmüz boğazını “qınından çıxarılmış qılınc” kimi xarakterizə edərək, bu strateji üstünlüyün xarici qüvvələrə qarşı güclü təsir vasitəsi yaratdığını qeyd edirlər. Analitik materiallarda həmçinin Körfəz ölkələrinin ABŞ-a çağırış edərək İranla bağlı sanksiyaların tamamilə ləğv edilməməsini istədikləri vurğulanır. Xüsusilə İranın ballistik raket proqramı və regiondakı şiə silahlı qruplara dəstəyinin Körfəz ölkələri üçün yaratdığı təhlükələrin minimuma endirilməsi tələb olunur.

Körfəz Araşdırma Mərkəzinin rəhbəri Əbdüləziz Saqer bildirib ki, İran məsələsinin həlli daha fərqli yanaşma tələb edir. Onun sözlərinə görə, ABŞ region təhlükəsizliyinin ayrılmaz hissəsi olsa da, bu proseslərin yalnız bir tərəfin qərarları ilə deyil, region ölkələrinin də iştirakı ilə həyata keçirilməsi vacibdir.

 





21.04.2026    çap et  çap et