Vaxt.Az

Moskva metrosunda qısaqapanma


 

“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı

Moskva metrosunda qısaqapanma Moskva metrosunda qəza baş verib, nəticədə qatarların hərəkəti dayandırılıb və sərnişinlər təxliyə olunub.

VAXT.AZ TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin əsas xətlərindən biri sayılan “Sokolniçeskaya”da, “Park Kultury” və “Sokolniki” stansiyaları arasındakı hissədə qeydə alınıb. İlkin məlumatlara görə, nasazlıq qatarın təkərlərində yaranmış texniki problem səbəbindən baş verib və bu tuneldə tüstülənməyə səbəb olub.

Bəzi yerli “Telegram” kanalları hadisənin səbəbi kimi vaqonlardan birinin təkərinin relsdən çıxması nəticəsində elektrik kabelinin zədələnməsini və qısaqapanma baş verməsini göstərib. Həmin versiyaya görə, nasazlıqdan sonra tuneldə tüstülənmə müşahidə edilib.

Lakin metro rəhbərliyi bu məlumatları təkzib edib. Moskva metrosu rəsmisi Yuliya Temnikova bildirib ki, relsdən çıxma barədə yayılan xəbərlər həqiqəti əks etdirmir və hadisənin əsas səbəbi məhz qatarın təkər cütlüyündə yaranmış texniki nasazlıq olub. Bununla yanaşı, yayılan bəzi videogörüntülərdə tuneldə güclü işıq parıltısının göründüyü qeyd edilir.

Hadisə zamanı sərnişinlər qatarlardan çıxarılıb. Şəhər əhalisinə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunub. İnsident nəticəsində ciddi xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, nasazlıq səbəbindən dayandırılan qatarların hərəkəti təxminən üç saatdan sonra bərpa edilib.

 





21.04.2026    çap et  çap et