ABŞ Prezidenti Donald Tramp İranın əldə olunmuş müvəqqəti atəşkəsi dəfələrlə pozduğunu iddia edib.VAXT.AZ “Deutsche Welle”yə istinadən xəbər verir ki, Trampın açıqlaması ABŞ və İran arasında növbəti danışıqların taleyi ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda səsləndirilib. Bildirilir ki, tərəflərin İslamabad şəhərində ikinci raund danışıqlar üçün bir araya gəlib-gəlməyəcəyi hələ dəqiq deyil.
ABŞ lideri sosial şəbəkə platforması “Truth Social” hesabında paylaşdığı qısa mesajda İranın atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirib. Lakin o, konkret olaraq hansı halların pozuntu hesab edildiyini açıqlamayıb.
Bundan əvvəl də Tramp İranı Hörmüz boğazından keçən gəmilərə atəş açmaqda ittiham etmiş və bunu qüvvədə olan atəşkəsin pozulması kimi qiymətləndirmişdi.
Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü atəşkəsi pozan tərəfin məhz ABŞ olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq su yoluna blokada tətbiq edən Vaşinqton administrasiyası razılaşmanın şərtlərini pozur.
Eyni zamanda, Tramp CNBC telekanalına verdiyi müsahibədə İranla qüvvədə olan atəşkəsi uzatmaq niyyətində olmadığını açıqlayıb. ABŞ Prezidenti Hörmüz boğazında tətbiq olunan blokadanın uğurla həyata keçirildiyini iddia edərək, bölgəyə nəzarətin tam şəkildə ABŞ tərəfində olduğunu bildirib və İranın danışıqlar masasına qayıtmaqdan başqa çıxış yolu olmadığını qeyd edib.
çap et