Vaxt.Az

Banklarda 9 milyard sahibsiz vəsait var


 

Avropa ictimaiyyəti unudulan əmanətlərin sosial layihələrə yönəldilməsi ideyasını dəstəkləyir

Banklarda 9 milyard sahibsiz vəsait var Avropada banklarda sahibsiz qalan milyardlarla avronun sosial layihələrə yönəldilməsi ideyasına ictimai dəstəyin yüksək olduğu məlum olub.

VAXT.AZ “Deutsche Welle” istinadən xəbər verir ki, Avropa ölkələrində aparılan müzakirələr fonunda Almaniyada keçirilən sorğunun nəticələri göstərib ki, 30 il ərzində heç kim tərəfindən tələb olunmayan bank əmanətlərinin sosial yardım məqsədləri üçün istifadə olunmasını əhalinin böyük əksəriyyəti dəstəkləyir. Mövcud qaydalara əsasən, bəzi ölkələrdə uzun illər tələb olunmayan vəsaitlər sonradan bankların mənfəətinə keçirilir.

Sorğu SOS Uşaq Kəndləri Təşkilatının sifarişi ilə “Forsa” tərəfindən aparılıb. Nəticələrə görə, respondentlərin 86 faizi sahibsiz qalan vəsaitlərin müstəqil sosial fonda yönəldilməsi ideyasını dəstəkləyib. Respondentlərin 8 faizi bu vəsaitlərin dövlətə verilməsini, cəmi 2 faizi isə bankların mənfəəti kimi qalmasını doğru hesab edib.

Rəsmi məlumatlara görə, təkcə Almaniyada sahibsiz hesabların həcmi milyardlarla avro ilə ölçülür. Almaniya Təhsil və Araşdırma Nazirliyinin hesabatına əsasən, ölkədə bu cür hesablarda təxminən 4,2 milyard avro vəsait mövcuddur. Alman Miras Araşdırmaçıları Assosiasiyası isə bu məbləğin 9 milyard avroya qədər çata biləcəyini ehtimal edir.

Qeyd olunur ki, G7 (Böyük Yeddilik) ölkələri arasında sahibsiz vəsaitlərin sosial sahəyə yönəldilməsi üzrə hüquqi mexanizmlər bir çox ölkədə artıq tətbiq olunur. Məsələn, Böyük Britaniya 2008-ci ildən bu vəsaitləri sosial fondlarda istifadə edir və eyni zamanda hüquqi sahiblərin müraciəti halında pulların geri qaytarılmasına zəmanət verir.

Ekspertlər hesab edir ki, Avropada sosial layihələr üçün maliyyə çatışmazlığının artdığı bir dövrdə banklarda unudulmuş milyardlarla avro potensial mühüm maliyyə mənbəyi hesab olunur. Xüsusilə uşaqlar və sosial müdafiə proqramları üçün bu vəsaitlərin istifadə olunması təklif edilir.

Sorğunun digər nəticələrinə görə, respondentlərin yalnız 30 faizi bank hesabları və kirayə seyfləri barədə məlumatları tam şəkildə qeyd etdiyini və mirasçılarını bu barədə məlumatlandırdığını bildirib. Respondentlərin 24 faizi heç bir sənəd saxlamadığını, 14 faizi isə hesab məlumatlarını qeyd etsə də, onları heç kimlə paylaşmadığını qeyd edib.

Araşdırma Forsa tərəfindən fevral ayında 18 yaşdan yuxarı 1600 nəfərin iştirakı ilə həyata keçirilib.

 





21.04.2026    çap et  çap et