Türkiyənin Ankara vilayətində hərbi helikopter qəzası baş verib.
VAXT.AZ “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Təməlli bölgəsində təlim uçuşu həyata keçirən “CH‑47 Chinook” tipli ağır yük helikopteri naməlum səbəbdən qəzaya uğrayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, hadisə zamanı helikopter təlim uçuşu icra edirdi. Qəzanın səbəbi ilə bağlı araşdırma başladılıb. İlkin məlumatlara əsasən, helikopterdə olan şəxsi heyətin vəziyyətində ciddi problem olmadığı qeyd edilib.
Türkiyə mənbələrinin yaydığı əlavə məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri və hərbi texniki heyət cəlb olunub. Əraziyə giriş bağlanıb və helikopterin qalıqları üzərində araşdırmalar aparılır.
Yerli rəsmilərin açıqlamasına əsasən, helikopterdə olan 5 nəfər heyət üzvü tibbi yoxlanış üçün xəstəxanaya çatdırılıb, onların həyatına təhlükə olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi, qəzanın dəqiq səbəbinin texniki ekspertizadan sonra açıqlanacağı vurğulanır.
çap et