Vaxt.Az

Rusiya SSRİ dönəminə qayıdır


 

Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır

Rusiya SSRİ dönəminə qayıdır Rusiya hakimiyyəti Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) neft emalı zavodlarına davam edən zərbələri fonunda benzin istehsalında sovet dövrünə xas dövlət planlaşdırması mexanizmlərinə qayıdır.

VAXT.AZ “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiya Energetika Nazirliyi neft şirkətlərinə yanacaq istehsalı həcmləri, daxili bazara tədarükü, ixracı və birja satışları ilə bağlı icrası məcburi olacaq göstərişlər verməyə başlayacaq. Məlumatda bildirilir ki, bu addım Ukrayna PUA hücumları nəticəsində ölkənin neft emalı güclərinin əhəmiyyətli hissəsinin sıradan çıxmasından sonra atılır.

Mənbələrin sözlərinə görə, yeni “plan tapşırıqları” əsasən 5-ci sinif benzin və dizel yanacağının istehsalını əhatə edəcək və bu öhdəliklər neft şirkətləri ilə Energetika Nazirliyi arasında imzalanacaq xüsusi sazişlərdə təsbit olunacaq. Saziş layihəsinin artıq hazır olduğu bildirilir. Onların hökumətin müvafiq qərarından sonra qüvvəyə minəcəyi və 2026-cı ilin sonuna qədər tətbiq olunacağı gözlənilir.

Yeni sistem çərçivəsində yanacaqdoldurma məntəqələrində qiymətlər də sərt dövlət nəzarətinə götürüləcək. Neft şirkətləri qiymət artımını əlavə dəyər vergisi və aksizlərin yüksəlməsi nəzərə alınmaqla inflyasiya səviyyəsindən yuxarı qaldırmamaq öhdəliyi götürəcək. Sistemin icrasına Rusiya Energetika Nazirliyi və Federal Antiinhisar Xidməti nəzarət edəcək.

Məlumatlara görə, ötən il Ukrayna pilotsuz aparatları Rusiya neft emalı zavodlarına azı 80 dəfə hücum edib. Nəticədə ölkənin müxtəlif bölgələrində, o cümlədən Kamçatkadan Mərkəzi Rusiyaya qədər ərazilərdə benzin qıtlığı yaranıb və yanacaq qiymətləri son 14 ilin rekord səviyyəsinə yüksəlib. 2025-ci ilin sentyabrında benzin qiymətləri illik ifadədə 12,7% artıb.

İlin sonuna doğru qiymət artımı müəyyən qədər zəifləsə də, yenə də yüksək səviyyədə qalıb. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yekununda benzin qiymətlərində artım 10,8% olub ki, bu da ölkədə rəsmi inflyasiya səviyyəsi olan 5,6%-dən demək olar ki, iki dəfə çoxdur.

2026-cı ilin əvvəlindən bəri azı 12 neft emalı zavodu Ukrayna PUA-larının hücumlarına məruz qalıb. Onlardan beşi fəaliyyətini müvəqqəti dayandırıb. Dayandırılan müəssisələr arasında Leninqrad vilayətində yerləşən “Kinef”, həmçinin “Nijegorodnefteorqsintez”, Novokuybışevsk, Saratov və Tuapse neft emalı zavodları yer alır.

 





22.04.2026    çap et  çap et