Vaxt.Az

Təxminən 1 km uzunluqda


 

Dünyanın ən uzun eskalator sistemi istifadəyə verilir

Təxminən 1 km uzunluqda Çinin cənub-qərbində yerləşən Vuhan bölgəsində inşa edilən 905 metrlik eskalator sistemi dünyanın ən uzun hərəkət edən pilləkən kompleksi olmağa hazırlaşır.

VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, Çin texnologiya və infrastruktur sahəsində həyata keçirdiyi iri layihələr sırasına yeni bir layihə əlavə etməyə hazırlaşır. Qısa müddət ərzində istifadəyə verilməsi planlaşdırılan layihə əsasən bölgənin mürəkkəb relyef şəraitində nəqliyyat problemini həll etməyi hədəfləyir. Dağlıq ərazidə hərəkəti asanlaşdırmaq üçün nəzərdə tutulan sistemin həm yerli sakinlər, həm də turistlər üçün ciddi dəyişiklik yaradacağı gözlənilir.

Məlumata görə, layihə çərçivəsində ümumilikdə 21 eskalator, 8 lift, 4 müxtəlif nəqliyyat vasitəsi və 2 piyada körpüsü inşa edilib. Bütün bu qurğuların vahid sistem kimi işləməsi planlaşdırılır. Layihədə təhlükəsiz, sürətli nəqliyyat imkanlarının yaradılması əsas prioritet kimi müəyyən edilib.

Sistemin ən diqqətçəkən xüsusiyyəti onun ölçüləridir. Ümumi uzunluğu 905 metr, hündürlüyü isə 242 metr olan eskalator xətti təxminən 80 mərtəbəli göydələn hündürlüyü ilə müqayisə edilir. Bu infrastruktur sayəsində hazırda təxminən bir saat çəkən yolun gələcəkdə 20 dəqiqəyə qədər azalacağı gözlənilir.

Rəsmilər bildirirlər ki, layihə xüsusilə çətin relyef şəraitində yaşayan əhali üçün böyük rahatlıq yaradacaq. Bölgədə nəqliyyat infrastrukturunun modernləşdirilməsi nəticəsində gündəlik həyatın daha sürətli və rahat olacağı qeyd edilir. Eyni zamanda sistemin turizm baxımından da əlavə maraq yaradacağı ehtimal olunur.

Layihənin həyata keçirilməsində Avropa mənşəli şirkətin iştirak etməsi də diqqət çəkir. Eskalator sisteminin əsas podratçısı İsveçrənin lift və eskalator texnologiyaları sahəsində tanınan “Schindler Group” şirkətidir.

 





22.04.2026    çap et  çap et