Vaxt.Az

İmtiyazlı podratçı


 

Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə “idarə edir”?

İmtiyazlı podratçı Azərbaycan Respublikasının Konstitusiyası və “Deputatın statusu haqqında” qanunvericilik birmənalı şəkildə parlament üzvünə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Lakin ölkənin tikinti sektorunda hegemonluq edən “Kristal Bakı” ASC (köhnə adı “Kristal Abşeron”) və “Crystal Group”un fəaliyyət trayektoriyası qanunun bu tələbinin mürəkkəb korporativ strukturlar vasitəsilə necə “bypass” edildiyinə dair ciddi suallar doğurur. Xüsusilə Yasamal rayonundakı səs-küylü söküntü və tikinti işlərinin sənəd üzərində “Kristal Bakı” ASC tərəfindən aparılması, əslində nəhəng bir biznes zəncirini kiçik hüquqi halqalarla pərdələmək cəhdindən başqa bir şey deyil.

VAXT.AZ “AFN.az”a istinadən xəbər verir ki, Milli Məclisin üzvü Ağalar Vəliyevin yaxın ətrafı, daha dəqiq, oğlu Pərviz Vəliyevin rəhbərliyi altında cəmləşən bu imperiya, “Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Crystal Group” vasitəsilə həm hüquqi məsuliyyəti bölüşdürür, həm də ictimai diqqəti vahid mərkəzdən yayındırır. Maraqlıdır ki, qanunvericiliklə maliyyə hesabatlarını açıqlamağa borclu olan bir ASC-nin fəaliyyəti tamamilə qapalı qutu təsiri bağışlayır. Dövlət büdcəsi hesabına maliyyələşən, prokurorluq binalarından tutmuş strateji infrastruktur layihələrinə qədər onlarla sifarişi icra edən biznes şəbəkəsinin tenderləri hansı şərtlərlə qazandığı və vergi ödəyicilərinin vəsaitləri üzərində hesabatsızlığı hələ də qaranlıq qalır.

Deputatın oğlunun adı ilə idarə etdiyi biznesinin qanunvericiliklə ziddiyyətini və “Kristal” brendinin arxasındakı qeyri-şəffaf idarəetmə modelini faktlarla sadalayırıq.

“Crystal Group”un rəsmi platformalarını araşdırdıqda ilk diqqət çəkən məqam, saytın korporativ hesabatlılıqdan daha çox, satış yönümlü bir vitrin olmasıdır. Şirkətin saytındakı “Layihələr” bölməsi fəaliyyətin miqyasını vizual olaraq nümayiş etdirsə də, jurnalist araşdırması üçün vacib olan bir çox suallar meydana gəlir. “Crystal Group” Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və digər rəsmi qurumlarının layihələrində aktiv iştirak etsə də, saytda bu əməkdaşlıqların hüquqi və maliyyə tərəfləri haqqında məlumat verilmir. Bu sifarişlərin hansı tenderlərdə və hansı şərtlərlə qazanıldığına dair məlumat mövcud deyil. Dövlət layihələrinə ayrılan büdcə və bu məbləğin istifadəsinə dair audit hesabatlarının izi-tozu da yoxdur.

Saytda layihələr yalnız binanın yerləşmə yeri və mənzil planları ilə məhdudlaşır. Azərbaycanda iri tikinti şirkətlərinin şəffaflığı qanunvericiliklə təşviq edilsə də, “Crystal Group”un saytında illik dövriyyə, mənfəət və vergi öhdəlikləri barədə heç bir məlumat verilmir. Xüsusilə Yasamal və digər ərazilərdəki söküntülər zamanı yaranan narazılıqlar, məsələn, 400-500 manatlıq kompensasiya iddiaları fonunda şirkətin hesabatının olmaması diqqət çəkir.

 

Prokurorluqdan hava limanına

 

Şirkətlər qrupunun biznes portfelini dərindən araşdırdıqda dövlətin ən strateji və nüfuzlu qurumları üçün reallaşdırılan onlarla layihə üzə çıxır. Şirkət hüquq-mühafizə orqanları üçün bir çox inzibati binaların tikintisini həyata keçirib. Nərimanov, Pirallahi, Şəki, Kürdəmir və Qəbələ rayon prokurorluqlarının binaları məhz bu holdinqin şirkətləri tərəfindən inşa, təmir və təchiz edilib. Şirkət eyni zamanda Yeni Azərbaycan Partiyasının yeni qərargahı, Maliyyə Nazirliyinin Xəzinədarlıq İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu və s. kimi obyektlərin işlərini də öz üzərinə götürüb.

İşğaldan azad edilmiş ərazilərdə Zəngilan Beynəlxalq Hava Limanının torpaq yatağı, Zəngilan Ağalı Hoteli və Horadiz-Ağbənd avtomobil yolu kimi strateji işlər də şirkətin biznes portfelinə daxildir. Lakin bu qədər çox strateji işlərin məhz bu holdinqə həvalə edilməsinin hansı tender şərtləri ilə baş tutduğu məlum deyil. Dövlət sifarişi ilə görülən işlərdə vergi ödəyicilərinin pulları istifadə olunsa da, “Crystal Group” heç bir maliyyə hesabatı dərc etmir.

AFN.az-ın bütün qeyd edilənlərlə bağlı “Crystal Group”un e-mail ünvanına ünvanladığı sorğuya, təəssüf ki, cavab verilməyib. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 





22.04.2026    çap et  çap et