Vaxt.Az

Dəstək verməyənlərə qarşı zalım olacaq


 

Tramp NATO müttəfiqlərini “yaxşı” və “pis” ölkələrə böldü

Dəstək verməyənlərə qarşı zalım olacaq ABŞ Prezidenti Donald Tramp Ağ Ev administrasiyasının NATO ölkələri ilə bağlı daxili siyahı hazırladığı və müttəfiqləri “yaxşı” və “pis” kateqoriyalarına ayırdığı bildirilir. Məqsəd Vaşinqtonun İrana qarşı hərbi əməliyyatını dəstəkləməyən ölkələrə təsir mexanizmləri hazırlamaqdır.

VAXT.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa diplomatları və Pentagon nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, siyahı üzərində iş NATO-nun baş katibi Mark Ruttenin aprelin əvvəlində Vaşinqtona səfəri ərəfəsində aparılıb. ABŞ rəsmiləri ölkələrin kollektiv müdafiəyə verdiyi töhfələri qiymətləndirərək onları müxtəlif kateqoriyalara bölüblər.

Bildirilir ki, bu konsepsiya daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset tərəfindən səsləndirilib. Onun sözlərinə görə, “nümunəvi müttəfiqlər” müəyyən üstünlüklər əldə edə, öhdəliklərini yerinə yetirməyən ölkələr isə ağır nəticələrlə üzləşə bilər.

Pentaqon rəsmiləri qeyd ediblər ki, prioritet sadiq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə veriləcək, paralel olaraq digər ölkələrə təzyiq mexanizmləri artırılacaq.

Hələlik konkret tədbirlər açıqlanmasa da, müzakirə edilən variantlar arasında ABŞ qoşunlarının bəzi ölkələrdən çıxarılması və ya yenidən yerləşdirilməsi, birgə hərbi təlimlərin azaldılması və silah satışına məhdudiyyətlərin tətbiqi yer alır. Eyni zamanda mənbələr bu addımların maliyyə baxımından baha başa gələ və icrası çətin ola biləcəyini də etiraf ediblər.

Nəşrin məlumatına görə, potensial “qaliblər” sırasında Polşa və Rumıniya göstərilir. Bildirilir ki, Varşava ABŞ hərbçilərinin yerləşdirilməsi xərclərinin böyük hissəsini öz üzərinə götürüb, Buxarest isə ABŞ əməliyyatları üçün baza təqdim edib.

Vaşinqtonda həmçinin Baltikyanı ölkələrin yüksək müdafiə xərcləri müsbət qiymətləndirilir. Bundan əlavə, Bolqarıstan logistika dəstəyi səbəbindən müsbət qiymətləndirilən ölkələr sırasında göstərilir.

Eyni zamanda İspaniya, Böyük Britaniya və Fransa ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməyən ölkələr sırasında qeyd olunur. Bu isə Ağ Ev ilə həmin ölkələr arasında gərginliyin artmasına səbəb olub.

ABŞ administrasiyası müttəfiqlərdən narazılığını gizlətmir. Ağ Evin mətbuat katibi Anna Kelli bildirib ki, ABŞ əməliyyat zamanı göstərilməyən dəstəyi unutmayacaq.

Prezident Tramp isə Mark Rutte ilə görüşdən sonra NATO-nu tənqid edərək alyansın lazım olan anda yanında olmadığını bildirib.

ABŞ dövlət katibi Marko Rubio da Vaşinqtonun alyansdakı rolunun yenidən nəzərdən keçirilə biləcəyini istisna etməyib və yekun qərarın prezident tərəfindən veriləcəyini vurğulayıb.

 





23.04.2026    çap et  çap et